İQTİSADİYYAT
Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində ilk iş sessiyası keçirilib VİDEO
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində ilk iş sessiyası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, sessiyanın açılışında çıxış edən maliyyə naziri Samir Şərifov Nepalda baş verən təbii fəlakətlə bağlı Azərbaycan hökuməti adından başsağlığı verib.
Nazir bildirib ki, Azərbaycan Yaponiyanı hər sahədə, xüsusən də Nepalda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəkləyir. Təəssüf ki, təbii fəlakətlər iqtisadiyyata böyük təsir göstərir. Demək olar ki, təbii fəlakətlərin yarısı Asiya ölkələri və Sakit okean ərazisində baş verir. Sözsüz ki, bu fəlakətlərin nəticələrinin aradan qaldırılmasında maliyyə vəsaitinə, regional iqtisadi əməkdaşlığa ehtiyac var. Hesab edirəm ki, hazırkı sessiya çərçivəsində bu məsələləri müzakirə edəcəyik.
Direktorlar Şurası tərəfindən iclasın gündəliyi, katibliyin tövsiyələri, 2014-cü ilin hesabatı səsə qoyularaq təsdiq edilib. Sessiyada Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 50-ci İllik Toplantısının 2017-ci il mayın 6-8-də Yaponiyada keçirilməsi qərara alınıb.
Sonra Yaponiya, Koreya, Çin, Hindistan, Avstraliya, ABŞ, Almaniya, İndoneziya, İtaliya, İrlandiya, Özbəkistan, Vanuatunun təmsilçilərinin təqdimatları dinlənilib. Çıxış edənlər Asiya İnkişaf Bankının inklüziv layihələrə, xüsusən də yoxsulluğun azaldılması ilə bağlı layihələrə üstünlük verməsini təklif ediblər.