İQTİSADİYYAT
Asiya İnkişaf Bankının dəstəyi ilə “İnklüziv maliyyə üzrə Milli Strategiya” hazırlanır
Bakı, 9 oktyabr, Ramiz Quliyev, AZƏRTAC
Bu gün bir çox ölkələrdə hökumət tərəfindən əhalinin maliyyə əhatəliyi xidmətlərinin gücləndirilməsi və inkişaf üçün ehtiyacların müəyyənləşdirilməsini təmin etmək məqsədilə xüsusi “İnklüziv maliyyə üzrə Milli Strategiya” hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri Süleyman Kələşov “Məsuliyyətli Mikromaliyyəyə aparan yol” mövzusunda 4-cü İnvestorlar Yarmarkasında jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycanda da bu məsələ ilə bağlı Mərkəzi Bank ciddi addımlar atır və hazırda Asiya İnkişaf Bankının dəstəyi ilə sözügedən layihənin hazırlanması üzərində işlər aparılır. Bu layihədə Azərbaycan Mikromaliyyə Assosiasiyası biznes assosiasiyası kimi yaxından iştirak etməklə öz dəstəyini verir.
Layihənin mövcud xidmətlərin qiymətləndirilməsi, mikrosığorta, pul köçürmələri və ödəniş xidmətləri üzrə ehtiyacların və potensialın maliyyələşdirilməsində böyük əhəmiyyəti var. Bu maliyyə sektorunda innovativ texnologiyalara əsaslanan xidmətlərin ərsəyə gəlməsi üçün zəmin yaradacaq və əhaliyə təklif olunan maliyyə məhsullarının çeşidini genişləndirəcək.