SİYASƏT


Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyası işini başa çatdırıb
AZƏRTAC noyabrın 18-dən 2016-2019-cu illərdə OANA-da sədrliyə başlayıb  [YENİLƏNİB-3] VİDEO

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə noyabrın 18-də Bakıda, “Absheron Marriott Baku” otelində Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının plenar sessiyaları keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyalardan əvvəl OANA İcraiyyə Komitəsinin 40-cı iclası olub.

İclasda OANA-nın prezidenti, TASS informasiya agentliyinin baş direktoru Sergey MİXAYLOV üç gün ərzində Bakıda keçirilən tədbirlərin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə bütün iştirakçılar adından Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, AZƏRTAC-ın baş direktoru Aslan Aslanova təşəkkür etdi. S.Mixaylov bu iclasın TASS agentliyinin sədrliyi ilə keçirilən sonuncu iclas olduğunu xatırlatdı və OANA-nın üzvlərinin bu təşkilatın inkişafına, informasiya agentlikləri arasında əməkdaşlığın möhkəmlənməsinə verdikləri töhfəyə görə onlara minnətdarlığını bildirdi.

Sergey Mixaylov bu gün dünyanın 35 ölkəsindən 44 informasiya agentliyini birləşdirən OANA-nın yaradılması tarixindən danışaraq dedi: “Bu gün OANA Asiya-Sakit Okean regionunda birbaşa və sərbəst informasiya mübadiləsi üçün ən iri media məkanıdır. Dünya informasiya axınının xeyli hissəsi – bu axının ümumi həcminin üçdə ikisi bizim təşkilatın iştirakçısı olan ölkələrin payına düşür. Ona görə də TASS bu nüfuzlu beynəlxalq təşkilatın sədri vəzifəsində artıq sabitləşmiş ənənələri qoruyub saxlamağa, OANA-nın fəaliyyətini aktuallaşdırmağa və müasir informasiya məkanının çağırışlarına birgə səylərlə cavab tapmağa çalışıb”.

S.Mixaylov çıxışının sonunda OANA-nın bundan sonra da görüşmək, təcrübə mübadiləsi aparmaq, mürəkkəb problemlərin birgə həlli yollarını tapmaq imkanına malik bir məkan kimi qalması arzusunu bildirdi.

Sonra XVI Baş Assambleyanın gündəliyi təsdiqləndi, qurumun maliyyə hesabatı dinlənildi.

Daha sonra XVI Baş Assambleya plenar sessiyalarla davam etdi.

OANA-nın baş katibi, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail QUSMAN təşkilatın ali orqanının toplantısında 40 agentliyin 80-dən çox rəhbərinin və təmsilçisinin iştirak etdiyini bildirdi.

Sonra OANA-nın XVI Baş Assambleyasının gündəliyi səsə qoyularaq təsdiq edildi.

OANA-nın prezidenti, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey MİXAYLOV çıxış edərək vurğuladı ki, son illər informasiya texnologiyalarının inkişafı nəticəsində sosial şəbəkələrin sürətli tərəqqisi media məkanında yeni dövrün yaranmasına səbəb olub. Məhz bu yeni dövrdə, xüsusən də jurnalistlərin bəzi ölkələrdə zorakılıqlara məruz qalmaları halları nəzərə alınaraq, OANA-nın tərkibində etika komitəsi yaradılıb.

OANA-nın bir sıra regional və beynəlxalq qurumlarla fəal əməkdaşlıq etdiyini deyən S.Mixaylov jurnalistikanın inkişafında xidmətləri olan şəxslər üçün xüsusi mükafatın təsis edildiyini diqqətə çatdırdı.

Sonra üzv agentliklər arasında keçirilən “OANA Mükəmməllik Mükafatı” müsabiqəsinin qalibləri – Koreya Respublikasının Yonhap agentliyinin əməkdaşı Tae Sunq Cunq və Rusiyanın TASS agentliyinin nümayəndəsi Andrey Lebedev təltif edildilər.

OANA-nın maliyyə hesabatı dinlənildi və səsə qoyularaq təsdiq olundu. Baş Assambleyanın iştirakçıları təşkilatın texniki və etika komitələrinin hesabatlarını da təsdiqlədilər.

Daha sonra OANA-nın rəhbər strukturlarının tərkibi formalaşdırıldı.

2013-cü ildə Moskvada keçirilən XV Baş Assambleyada gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə OANA-nın prezidenti hüququnu qazanmış Aslan Aslanov yenidən açıq səsvermə ilə prezidentlik səlahiyyətlərinin icrasına başladı.

Sonra İcraiyyə Komitəsinin OANA-nın yeni prezidentindən (AZƏRTAC-ın baş direktoru), həmçinin qurumun vitse-prezidentləri seçilən Rusiyanın TASS, Çinin Sinxua, Koreya Respublikasının Yonhap və Türkiyənin Anadolu agentliklərinin rəhbərlərindən ibarət tərkibi formalaşdırıldı. İcraiyyə Komitəsinin üzvlüyünə, həmçinin İranın İRNA, Bəhreynin BNA, Vyetnamın VNA, Livanın NNA, Avstraliyanın AAP, Yaponiyanın Kyodo, Hindistanın PTİ, Malayziyanın Bernama agentliklərinin rəhbərləri seçildilər.

OANA-nın yeni prezidenti, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov çıxış edərək göstərilən yüksək etimada və dəstəyə görə minnətdarlığını bildirdi. Baş direktor noyabrın 16-17-də Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin beş sessiyasında dünyanın ən nüfuzlu xəbər agentliklərinin və beynəlxalq media qurumlarının rəhbərlərinin, bu sahədə tanınmış ekspertlərin iştirakı ilə müasir dövrdə medianın qarşılaşdığı problemlər, qlobal informasiya siyasətinin əsas istiqamətlərinin müəyyənləşməsi və digər mühüm məsələlərlə bağlı səmərəli müzakirələrin aparıldığını vurğuladı.

Dünya Xəbər Agentliklərinin V Konqresində və OANA-nın XVI Baş Assambleyasında iştirak etmək üçün ölkəmizə gəldiklərinə görə qonaqlara minnətdarlığını bildirən Aslan Aslanov dedi: “2013-cü ildə OANA-nın Moskvada keçirilən Baş Assambleyasında AZƏRTAC-a göstərdiyiniz böyük dəstəyə, agentliyimizin OANA-da sədrliyə başlaması ilə əlaqədar verdiyiniz səsə və bu gün bir daha həmin səsinizi təsdiq etdiyinizə görə hər birinizə təşəkkür edirəm. Siz bu gün öz səsinizlə dünyanın 35 ölkəsinin 44 agentliyini sıralarında birləşdirən, beynəlxalq informasiya məkanının böyük hissəsini əhatə edən mötəbər təşkilatın nüfuzunun daha da artırılması, görülən işlərin daha yüksək səviyyəyə çatdırılması məsələsində AZƏRTAC-a böyük etimad göstərdiniz”.

OANA-nın inkişafında təşkilata üzv olan hər bir agentliyin mühüm rolunu xüsusi vurğulayan Aslan Aslanov qurumun saytında üzv agentliklərin hər birinin öz ölkələrinin, o cümlədən regionun ictimai-siyasi həyatını əks etdirən xəbərlərin yerləşdirilməsinin informasiya və təcrübə mübadiləsi baxımından önəmini diqqətə çatdırdı. OANA-nın inkişafında və nüfuzunun artmasında Rusiyanın TASS agentliyinin rolunu xüsusi qeyd edən təşkilatın yeni prezidenti bildirdi ki, AZƏRTAC TASS-ın təcrübəsindən istifadə edərək qurumun inkişafına öz töhfələrini verəcək.

Göstərilən yüksək etimada görə üzv agentliklərin rəhbərlərinə bir daha təşəkkürünü bildirən Aslan Aslanov qeyd etdi ki, AZƏRTAC OANA-ya sədrliyi dövründə üzv agentliklərin hər birinə yüksək diqqət göstərəcək, bu təşkilatın inkişafında, o cümlədən qurumun internet səhifəsinin daha da təkmilləşməsində səylərini əsirgəməyəcək. Aslan Aslanov dedi: “Sizi əmin edirəm ki, AZƏRTAC OANA-ya sədrliyi dövründə təşkilata üzv olan hər bir agentliyə yüksək diqqət göstərəcək, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına, agentliklər arasında təcrübə mübadiləsinin genişləndirilməsinə çalışacaq. Göstərilən etimada görə hər birinizə bir daha təşəkkürümü bildirir, sizə uğurlar arzulayıram”.

Nizamnaməyə uyğun olaraq, yeni prezident Aslan Aslanovun təklifi ilə AZƏRTAC-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidov təşkilatın baş katibi vəzifəsinə seçildi.

Təşkilatın texniki komitəsinin üzvlüyünə Azərbaycandan AZƏRTAC, Rusiyadan TASS, İrandan Mehr, Monqolustandan Montsame, İndoneziyadan Antara, Qazaxıstandan Kazinform, Küveytdən KUNA agentlikləri seçildilər.

Səsvermə nəticəsində AZƏRTAC, Vyetnamın VNA, Yaponiyanın Kyodo, Avstraliyanın AAP agentlikləri isə etika komitəsinin üzvləri oldular.

İclasda OANA-nın XVII Baş Assambleyasına ev sahibliyi etmək üçün Koreya Respublikasının Yonhap agentliyinin öz namizədliyini irəli sürdüyü bildirildi.

Yonhap agentliyinin prezidenti Park No-Hvanq TASS agentliyinin son üç il ərzində OANA-ya uğurla sədrlik etdiyini vurğuladı. O, OANA-nın prezidenti vəzifəsinə seçilməsi münasibətilə AZƏRTAC-ın baş direktoru Aslan Aslanova təbriklərini çatdırdı. Park No-Hvanq AZƏRTAC-ın 2016-2019-cu illərdə bu mötəbər quruma yüksək səviyyədə sədrlik edəcəyinə əminliyini bildirərək, bu mühüm və şərəfli vəzifədə agentliyə uğurlar arzuladı. Ölkəsinin OANA-nın XVII Baş Assambleyasına ev sahibliyi edəcəyini bildirən Park No-Hvanq dedi ki, Yonhap agentliyi 2019-2022-ci illərdə bu təşkilata uğurla sədrlik etmək əzmindədir.

Təklif səsə qoyularaq qəbul olundu.

Beləliklə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVII Baş Assambleyası 2019-cu ildə Koreya Respublikasının paytaxtı Seulda keçiriləcək və Yonhap agentliyi 2019-2022-ci illərdə OANA-ya sədrlik edəcək.

Baş Assambleyaya yekun vuran Mixail Qusman həm Dünya Xəbər Agentliklərinin V Konqresinin, həm də OANA-nın XVI Baş Assambleyasının yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fonduna və AZƏRTAC-a iştirakçılar adından dərin minnətdarlığını bildirdi.

Prezident İlham Əliyevin V Konqresə və XVI Baş Assambleyaya yüksək önəm verdiyini vurğulayan M.Qusman dedi ki, Azərbaycan dövlətinin başçısının tədbirlərin rəsmi açılışındakı dərinməzmunlu nitqi qonaqları heyran qoydu. Cənab İlham Əliyevin Azərbaycan reallıqlarının, dünyada baş verən proseslərin, medianın cəmiyyət həyatındakı rolunun geniş təhlil olunduğu nitqini dərindən öyrənib fəaliyyətimiz üçün nəticələr çıxarmalıyıq.

Heydər Əliyev Fondunun dünyanın müxtəlif ölkələrində mühüm layihələr həyata keçirdiyini qeyd edən Mixail Qusman AZƏRTAC-a həm Dünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya sədrlik fəaliyyətində uğurlar arzuladı.

Sessiyalardan sonra OANA-nın İcraiyyə Komitəsinin 41-ci iclası oldu. İclasda XVI Baş Assambleyanın uğurla keçdiyi vurğulandı, üzv agentliklər arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərinə toxunuldu, OANA-nın perspektiv inkişafı ilə bağlı yeni formalaşdırılmış İcraiyyə Komitəsinin üzvlərinin təklifləri dinlənildi. İclasın iştirakçıları bir daha əmin olduqlarını bildirdilər ki, AZƏRTAC-ın sədrliyi dövründə OANA-nın fəaliyyəti yeni təşəbbüslər və ideyalarla daha da zənginləşəcək.

İclasda, həmçinin OANA-nın İcraiyyə Komitəsinin növbəti - 42-ci iclasının 2017-ci ilin martında Bəhreyndə keçirilməsi barədə qərar qəbul edildi.

OANA-nın prezidenti Aslan Aslanov son üç ildə quruma uğurla sədrlik etdiyinə görə Rusiyanın TASS agentliyinin rəhbərliyinə bir daha təşəkkürünü bildirdi. Aslan Aslanov AZƏRTAC-ın 2016-2019-cu illərdə OANA-ya sədrliyi dövründə bu qurumun fəaliyyətinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində digər agentliklərlə səmərəli əməkdaşlıq şəraitində çalışacağını vurğuladı.

Sonra TASS, Yonhap, İRNA, BNA agentliklərinin rəhbərləri çıxış edərək AZƏRTAC-ın baş direktoru Aslan Aslanova OANA-nın prezidenti vəzifəsində uğurlar arzuladılar.

OANA-nın yeni baş katibi Vüqar Seyidov çıxışında göstərilən etimada görə təşəkkürünü bildirdi. O, AZƏRTAC-ın OANA-ya sədrliyi dövründə təşkilatın inkişafı istiqamətində səylə çalışacağını diqqətə çatdırdı.

Sonda XVI Bakı Baş Assambleyasının iştirakçıları xatirə şəkli çəkdirdilər.

Bununla da OANA-nın XVI Baş Assambleyası işini başa çatdırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.