MƏDƏNİYYƏT
Əsl incəsənət əsərləri dəbdən düşmür
Nizami Kino Mərkəzində “Sehrli xalat” filminin 50 illik yubileyi qeyd olunub
Noyabrın 12-də Nizami Kino Mərkəzində 1964-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Sehrli xalat” əfsanəvi uşaq filminin 50 illiyinə həsr olunmuş gecə keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondu tərəfindən təşkil edilib.
Tanınmış mədəniyyət və incəsənət xadimlərinin, gənclərin və jurnalistlərin iştirak etdikləri tədbirin aparıcıları Bakının Nizami rayonunun Uşaq Yaradıcılıq Mərkəzində çalışan uşaqlar olublar. Gecədə çıxış etmiş Azərbaycanın Əməkdar İncəsənət Xadimi, kinorejissor Ayaz Salayev, filmdə çəkilmiş Xalq Artisti Zamiq Əliyev, Gənc Tamaşaçılar Teatrının aktrisası Almaz Mustafayeva, Azərbaycanın Əməkdar Mədəniyyət Xadimi Yusif Şeyxov, Solmaz Hətəmova və Lamara Siqalova, SSRİ Xalq Artisti, bəstəkar Arif Məlikov tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirib, çəkiliş prosesi haqqında xatirələrini bölüşüblər.
Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Azərbaycan uşaq kinosunun inkişafına misilsiz töhfə vermiş rejissor Əlisəttar Atakişiyevin xatirəsi yad olunub. Qeyd edilib ki, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarında” kimi sevimli uşaq filmlərinin yaradıcısı olan rejissor Ə.Atakişiyev həm də uşaq filmlərində elmi fantastik janrın banilərindən biri hesab edilir. “Sehrli xalat” filminin xarici dillərə tərcümə olunduğu və dünyanın bir çox ölkələrində uşaqlar tərəfindən sevildiyi bildirilib.
Tədbirin iştirakçıları Azərbaycanın xalq artistləri Əliağa Ağayevin, Möhsün Sənaninin, Anatoli Falkoviçin, Ağahüseyn Cavadovun, İsmayıl Osmanlının, Hüseynağa Sadıqovun, Lütfi Məmmədbəyovun və filmin çəkilişlərində iştirak etmiş başqa sənətkarların xatirəsini yad ediblər.
Kinofilmin təkrarsız koloritinin yaradılmasında rəssamlar Məmmədağa Hüseynovun və Cəbrayıl Əzimovun xüsusi rolu qeyd edilib. Bildirilib ki, filmdə onların yaratdıqları kosmos mənzərəsi “Sehrli xalat” filmi ekranlara çıxdıqdan dörd il sonra - 1969-cu ildə Aya uçmuş Amerika astronavtlarının fotomateriallarını xatırladır.
Səhnədə quraşdırılmış böyük ekranda “Sehrli xalat” filmindən kadrlar, ekran əsəri yaradıcılarının fotoşəkilləri, müxtəlif nəsillərin nümayəndələri olan tamaşaçılarla müsahibələr bir-birini əvəz edib, qeyd edilib ki, əsl incəsənət əsərləri dəbdən düşmür.