ELM VƏ TEXNOLOGİYA


Əsl pedaqoq, elm fədaisi, sadəlik və xeyirxahlıq mücəssəməsi

A+ A

Bakı, 10 iyul, AZƏRTAC

Elə insanlar var ki, onlar ağsaqqallıqları və müdriklikləri sayəsində həmişə hörmət yiyəsi olurlar. Halallığı, düzlüyü özlərinə yol yoldaşı seçən bu insanlar heç vaxt haram tikə yeməzlər. Onlar həyatlarının mənasını öz peşələri ilə xalqa xidmətdə görürlər. Zaman keçdikcə ömrü kitablaşan, dastanlaşan belə insanların müasiri olmağından qürur duyur, iftixar hissi keçirirsən. Belə insanların həyat yolu çoxlarına nümunədir. Onların ömür yolundan çoxları dərs götürüb özünə yol seçir, həyatlarını halallıq və düzlük üzərində qurmağa çalışır.

Belələrindən biri də haqqında söhbət açacağımız insandır. O insanın adı Zahid, soyadı Qaralov, atasının adı İbrahimdir. Kimdir Zahid Qaralov? Hər şeydən əvvəl, səbir və təmkin yolçusu, sadəlik və xeyirxahlıq mücəssəməsi. Atdığı bütün addımlarda haqq-ədaləti göz bəbəyi kimi qoruyan, milli-mənəvi dəyərlərimizi gözünün üstündə saxlayan azərbaycanlı kişisi. Ömrünün xeyli hissəsini elmə və yaxşı işlərə həsr edən fədakar insan. Zahid Qaralov deyəndə istər-istəməz adamın gözünün qabağında sadəlik, düzlük və ədalət obrazları gəlib durur və bu obrazlar onun portretinin konturlarını cızmaqda kara gəlir.

O, 1934-cü il iyul ayının 10-da Gürcüstanın Dmanisi rayonundakı Ormeşən kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1952–1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə 1956-cı ildə doğulduğu kənddə orta məktəb direktoru kimi başlayan Zahid Qaralov 1959–1961-ci illərdə Dmanisi Rayon Komsomol Komitəsinin birinci katibi olub. O, 1961–1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin əyani aspiranturasında oxuyub. Zahid Qaralov 1964–1976-cı illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri və elmi işlər üzrə direktor müavini, 1976–1984-cü illərdə isə həmin institutun direktoru vəzifələrində çalışıb. O, 1984–1987-ci illərdə Azərbaycan Respublikası maarif nazirinin müavini işləyib. Zahid Qaralov 1987-ci ildən 1995-ci ilədək yenidən Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutuna rəhbərlik edib. Respublikanın ictimai-siyasi həyatının fəal iştirakçısı olaraq Zahid Qaralov 1995–2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, tutduğu vəzifələrdən asılı olmayaraq, üzərinə düşən bütün işləri layiqincə yerinə yetirib, çalışdığı sahələrdə yüksək təşkilatçılıq bacarığı ilə seçilərək göstərilən etimadı daim doğruldub. Zahid Qaralov 1967-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor elmi adını alıb.

Azərbaycanda pedaqogikanın inkişafında Zahid Qaralovun xidmətləri təqdirəlayiqdir. O, təhsil quruculuğu və məktəblilərin təlim-tərbiyəsi problemlərinə dair sanballı tədqiqatların müəllifi kimi tanınırdı. Alimin 200-dən çox elmi məqaləsi və 60-dan artıq monoqrafiyası, dərslik və dərs vəsaiti nəşr olunub. Zahid Qaralovun “Şərq-Qərb” Nəşriyyat Evində çap olunan “Heydər Əliyevin elmi irsi” kitabında Heydər Əlirza oğlu Əliyevin həyat yolu barədə yığcam məlumatlar verilməklə yanaşı, Ulu Öndərin siyasi partiya quruculuğu sahəsində fəaliyyəti də ətraflı təhlil olunub.

Respublikada pedaqogika sahəsində elmi kadrların hazırlanmasında Zahid Qaralovun böyük əməyi vardır. Onun rəhbərliyi altında onlarla tədqiqatçı dissertasiya müdafiə edib. Alimin ölkəmizdə və onun hüdudlarından kənarda pedaqogikanın aktual problemlərinə həsr olunmuş müxtəlif elmi simpozium və konfranslardakı çıxışları mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

Ömrü boyu əsl vətəndaşlıq mövqeyində dayanan Zahid Qaralov 1990-cı illərin əvvəllərində ölkədə baş verən mürəkkəb siyasi proseslərə münasibətdə milli mənafelərə sadiq qalaraq yüksək obyektivlik nümayiş etdirib.

Zahid Qaralovun elmi və ictimai fəaliyyəti layiqincə qiymətləndirilib. O, bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib. Zahid Qaralov 2015-ci il yanvarın 7-də ömrünün 81-ci ilində vəfat edib.

Bəlkə də, bu avtobioqrafik cizgilər şablon görünə bilər. Ancaq Zahid Qaralovun ömründə şablonluq yoxdur. O, işlədiyi müddətdə söz yox ki, müxtəlif xarakterli və əqidəli insanlarla üz-üzə gəlib. Ancaq həmişə qürurunu, təmkinini şax saxlayıb. Ən başlıcası, insanlıq hissini itirməyib. Münasibətdə olduğu insanlara heç vaxt üstdən aşağı baxmayıb. Odur ki, adamlar ürəklərini ona aça biliblər.

Zahid Qaralov çox sadə, adi həyat yaşayıb. Alimlərdən, ictimai-siyasi xadimlərdən, həyat hadisələrindən dərs alıb və bu dərsləri özündən sonra gələnlərə doğru-düzgün ötürməyə çalışıb. Kimə nə yaxşılıq edibsə, bunu özünə insanlıq borc bilərək edib. Təmtəraqlı məclisləri sevməyib. Heç vaxt var-dövlət toplamağa meyil göstərməyib. Həyatda nəyə nail olubsa, öz zəhməti ilə əldə edib. Onun həyat kitabını oxuduqca düzlük, saflıq, mərhəmət, xeyirxahlıq, təmizlik kimi ən yüksək ali hisslərin insan ömrünün ana xəttini təşkil etdiyinə bir daha əmin olursan. Zəhmətlə yaşamağı özünün ən ali həyat qanununa çevirmiş bəşər övladının yaş həddinə sığmayan tükənməz gücünə heyran qalmaya bilmirsən.

“Təhsil” nəşriyyatının mətbəəsində çapdan çıxmış “Müdrik müəllimimiz. Zahid Qaralov-80” kitabına 80 yaşlı Zahid müəllim yazdığı “Ön söz”dən bu xırda qeydlər də onun həyat kredosunu şərtləndirir: “Heç vaxt “heyif ki, qocaldım deməmişəm” və deməyəcəyəm də. Bu sözü dünya malında gözü olanlar, maddi və qeyri-maddi imkanlarını xalqla bölüşməyi bacarmamış insanlar deyə bilərlər. Mənim nəyim varsa - elmim, imkanım -hamısını bölüşmüşəm. Bu gün əvvəlki illərdən də məhsuldar çalışıram, elmi əsərlər yazıram. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 91-ci ildönümü münasibətilə yazdığım böyük monoqrafiyanı tamamlamışam, çapa hazırlayıram. “Dünya təhsil sistemlərinin inkişaf perspektivləri barədə” fundamental əsər üzərində işləyirəm, hissə-hissə mətbuatda dərc etdirirəm. Doktorantlarımdan üç nəfərinin dissertasiyasını oxuyub, redaktə edirəm. Başqa sözlə, elmi yaradıcılığa daxil olan bütün parametrlər üzrə gərgin işləyirəm”.

Bir sözlə, Zahid Qaralovun xeyirxahlığı, mərhəməti, insanlara yardım əlini uzatması, alimliyi, pedaqoqluğu, ziyalılığı gənclər üçün örnəkdir.

İnsan ömrü günlərdən ibarətdir. Hər günün içində səhər vaxtı, günorta vədəsi və bir şər çağı olur. Gərək elə edəsən ki, şər çağına gedə biləsən. Gərək günü elə başa vurasan ki, şər çağından keçib qaranlıq gecəni rahat yata biləsən. Tam əminliklə demək olar ki, Zahid müəllim 81 illik ömrünün bütün günlərini ləyaqətlə başa vurub. Odur ki, şər çağından həmişə rahatlıqla adlaya bilib. Belə demək mümkünsə, şərin dizlərini qatlayıb, əlində xeyir çıraqla həmvətənlərinə yol göstərib. Onu səsləyənlərə səs verib, darda qalanlara kömək əlini uzadıb. Həmişə könül evinin qapılarını taybatay açıq qoyub. O qapıdan içəri girənlər sədaqətlə, müdrikliklə və alicənablıqla üzləşiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.