İQTİSADİYYAT
Aşqabad konfransı nəqliyyatın davamlı inkişafı üçün yeni perspektivlər müəyyən edəcək
Bakı, 1 dekabr, AZƏRTAC
Noyabrın 26-27-də Türkmənistanın paytaxtı Aşqabadda BMT-nin dəstəyi ilə “Davamlı nəqliyyat sistemi” mövzusunda Birinci qlobal konfrans keçirilib. Konfrans iştirakçıları bəşəriyyətin firavanlaşmasını və ətraf mühitin qorunmasını təmin edəcək yeni yollar müəyyən ediblər.
Konfransda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, BMT-nin baş katibi Pan Gi Mun, ATƏT-in baş katibi Lamberto Zanyer, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni, Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif, habelə 30-dan çox ölkənin müvafiq nazirlik və idarələrinin nümayəndələri, ekspertlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov başda olmaqla Nəqliyyat Nazirliyinin nümayəndələrinin daxil olduğu nümayəndə heyəti və səfir Həsən Zeynalov başda olmaqla Azərbaycanın Türkmənistandakı səfirliyinin əməkdaşları təmsil edirdi.
Tədbirin rəsmi açılış mərasimində çıxış edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib ki, müasir nəqliyyat infrastrukturunun formalaşması, bu sahəyə yeni ərazilərin cəlb edilməsi həm yük dövriyyəsinin artırılması, yola sərf edilən vaxtın azaldılması, əlavə investisiyalar və digər üstünlüklər, həm də yeni iş yerləri yaradılması, sosial obyektlər tikintisi deməkdir.
Q.Berdiməhəmmədov deyib ki, inkişaf və tərəqqinin etalonu məhz insanlar və onların ümdə tələbatı olmalıdır. Bu sözlər nəqliyyat sahəsinə də aiddir.
Qlobal nəqliyyat konfransında malların səmərəli yerdəyişməsi və insanların hərəkəti üçün nəzərdə tutulan davamlı, təhlükəsiz, səmərəli və etibarlı multimodal nəqliyyat dəhlizlərinin yaradılması yolları müzakirə edilib.
BMT-nin Baş katibi Pan Gi Mun özünün keçirdiyi mətbuat konfransında bildirib ki, BMT tarixində nəqliyyatın inkişafı məsələlərinə həsr edilmiş ilk qlobal konfrans olan bu tədbir onu göstərir ki, davamlı inkişafın təmin edilməsində və iqlim dəyişmələrinə qarşı mübarizədə nəqliyyat sahəsinin əhəmiyyəti getdikcə daha dərindən dərk edilir. Baş katib beynəlxalq nəqliyyat dəhlizləri yaradılmasında Türkmənistanın səylərini və təcrübəsini yüksək qiymətləndirib.
Pan Gi Mun bildirib ki, nəqliyyat sektorunun davamlı inkişafı qeyri-sabit praktikalar nəticəsində yaranmış problemlərin həlli üçün həyati əhəmiyyətli məsələdir. Parnik qazları tullantılarının dörddə bir hissəsinin mənbəyi nəqliyyat sektorudur. Yol-nəqliyyat hadisələrində hər il 1,25 milyondan çox insan həlak olur. Belə ölüm hallarının 90 faizi inkişaf etməkdə olan ölkələrdə baş verir.
BMT-nin Baş katibi BMT üzvü olan bütün dövlətləri, BMT sisteminin nümayəndələrini, əsas qrupları və digər əlaqədar tərəfləri nəqliyyatın davamlı inkişafı üzrə öhdəlikləri imzalamağa və bu sahədə əməkdaşlığı tənzimləməyə çağırıb.
Pan Gi Mun deyib: “Əgər biz nəqliyyat sahəsində zəruri tədbirlər görməsək, qlobal temperatur artımını Selsi şkalası ilə nəinki 1,5 dərəcə, hətta 2 dərəcə həddində saxlamaq mümkün olmayacaq”.
Xatırladaq ki, qlobal temperaturun Selsi şkalası ilə 1,5 dərəcədən çox artmasına yol verməməyin zəruriliyi iqlim üzrə Paris sazişində təsbit edilib.
Konfrans çərçivəsində Türkmənistanın təşəbbüsü ilə qitənin nəqliyyat sistemlərinin inkişafı layihələrinə xüsusi diqqət yetirilib. Belə layihələr sırasında “Şimal-Cənub” vektoru üzrə Qazaxıstan-Türkmənistan-İran polad magistralı, Aşqabadda yeni beynəlxalq aeroportun istifadəyə verilməsi, Amu-Dərya çayı üzərindən Türkmənabad-Fərab dəmiryol və avtomobil körpülərinin, Aşqabad-Türkmənbaşı avtobanının və Türkmənbaşı şəhərində beynəlxalq dəniz limanının tikintisi layihələri var.
Forum çərçivəsində plenar iclaslar və ixtisaslaşdırılmış sessiyalar, tematik təqdimatlar keçirilib, bir sıra beynəlxalq sənədlər imzalanıb, ikitərəfli və çoxtərəfli görüşlər və danışıqlar aparılıb.
Konfransın seksiya iclasları XXI əsrdə ictimai nəqliyyatın rolu və formaları, nəqliyyat sahəsinin inkişafı üçün energetikanın əhəmiyyəti, kombinə edilmiş nəqliyyat dəhlizlərinin davamlı şəbəkəsinin yaradılması, ayrı-ayrı ölkələrin və beynəlxalq birliyin daxili resursları, dövlət - özəl sektor tərəfdaşlığı hesabına iri logistik layihələrin investisiyalarla təmin edilməsi məsələlərinə həsr edilib.
“Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov konfransda çıxış edib. O qeyd edib ki, “Şimal-Cənub” və “Qərb-Şərq” beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində dəmiryol sahələrinin tikintisi üzrə fəal iş aparılır. Daha sonra o, həmin beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində aparılan işlər, yeni avtomobil yolları və dəmiryollar, yeni liman tikintisi, limanın ətrafında azad ticarət zonası yaradılması və başqa tədbirlər barədə ətraflı məlumat verib.
Cavid Qurbanov tədbir çərçivəsində Türkmənistanın baş nazirinin müavini, xarici işlər naziri Rəşid Mərədov, Türkmənistanın baş nazirinin müavini, nəqliyyat və rabitə naziri Satlık Satlıkov, dəmir yol naziri Bayram Annamərədov və dəniz və çay nəqliyyatı xidmətinin rəisi Aman Qurdovla ilə ikitərəfli görüşlər keçirib. Bu görüşlərdə “Qərb-Şərq” nəqliyyat dəhlizinin perspektivləri, Türkmənistan tərəfində bərələrin yüklərinin operativ boşaldılması, Türkmənbaşı limanının dərinləşdirilməsi üzrə işlərin gedişi, iki ölkə arasında “ro-ro” tipli bərələrin işə salınması və ikitərəfli münasibətlərin digər aspektləri nəzərdən keçirilib.
Azərbaycan nümayəndə heyəti Hindistanın yol-nəqliyyat magistralları və gəmiçilik məsələləri üzrə dövlət naziri Pon Radxakrişna ilə görüşlər keçirib. Bu görüşlərdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin potensialı və həmin marşrutun inkişafı ilə bağlı tədbirlər müzakirə edilib.
Qeyd olunub ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi İran, Azərbaycan və Rusiya dəmir yollarının birləşdirilməsi vasitəsilə Skandinaviya ölkələrini Fars körfəzi və Cənubi Asiya ölkələri ilə əlaqələndirəcək. Bu dəhliz vasitəsilə birinci mərhələdə ildə 6-10 milyon ton yük daşınacaq, ikinci mərhələdə isə bu göstərici ildə 15-20 milyon tona çatdırılacaq.
Davamlı nəqliyyat üzrə Aşqabadda keçirilən qlobal konfransın yekunlarına həsr edilmiş mətbuat konfransında BMT Baş katibinin müavini, eyni zamanda bu konfransın baş katibi olan Vu Honqbo deyib ki, forum iştirakçıları insanların, o cümlədən bizim uşaqlarımızın və nəvələrimizin salamatlığı naminə bir araya toplaşıblar. O vurğulayıb ki, davamlı nəqliyyatın təmin edilməsi bütün insanlar üçün daha təhlükəsiz və daha sağlam dünya yaratmaq məqsədinin reallaşdırılması baxımından zəruridir.
BMT Baş katibinin müavini qeyd edib ki, bu cür mühüm tədbirin Türkmənistanda keçirilməsi bu ölkənin yüksək beynəlxalq nüfuzuna və Türkmənistan liderinin BMT Baş Məclisinin tribunasından səsləndirdiyi, nəqliyyat-kommunikasiya sektorunda tərəfdaşlığın inkişafına yönəlmiş təşəbbüslərin bəyənilməsinə dəlalət edir. Bu təkliflərin aktuallığı və onlara ehtiyac olması göz qabağındadır, çünki dünya iqtisadiyyatının əsas seqmentlərindən biri olan nəqliyyat BMT-nin Davamlı İnkişaf Hədəflərinin reallaşdırılmasında mühüm rol oynayır.
Asiya beynəlxalq dəmiryol nəqliyyat dəhlizinin birinci növbəsinin – Atamurad – İmamnəzər (Türkmənistan) – Akina (Əfqanıstan) sahəsinin əhəmiyyəti də qeyd edilib. Xatırladaq ki, beynəlxalq dəhlizin bu sahəsinin təntənəli açılışı noyabrın 28-də keçirilib.
Türkmənistan-Əfqanıstan-Tacikistan transmilli dəmir yolunun birinci növbəsinin açılış mərasimində çıxış edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, yeni magistralın açılması qonşu ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına, habelə malların Azərbaycana, Çinə, Hindistana, Avropa ölkələrinə və digər regionlara çatdırılmasına kömək edəcək. Yaxın günlərdə Amu-Dərya çayı üzərindən yeni dəmiryol və avtomobil körpülərinin də açılışı olacaq.
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni öz çıxışında qeyd edib ki, Böyük İpək yolunun dirçəldilməsi əlaməti olan yeni dəmiryol magistralı Avropa-Sakit okean regionu və Asiya ölkələri istiqamətində mühüm nəqliyyat dəhlizinə çevriləcək.
Türkmənistan və Əfqanıstan prezidentləri neft məhsullarının qəbulu, saxlanması və nəqli üzrə dəmiryol terminalının açılış mərasimində də iştirak ediblər. Bu terminal gün ərzində 2 min ton benzini, dizel yanacağını və aviasiya kerosinini avtosisternlərə yükləməyə imkan verəcək.
Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni Akina dəmiryol stansiyasının açılış mərasimində iştirak ediblər. Onlar sərhədə qədər 3,5 kilometr məsafə qət edərək bu stansiyaya gəlmiş ilk qatarı qarşılayıblar.