QAN YADDAŞI
Aşqabadda 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb
Aşqabad, 31 mart, AZƏRTAC
Azərbaycanın Türkmənistandakı səfirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilib.
Tədbirdə səfir Vəhdət Sultanzadə çıxış edərək bildirib ki, 1918-ci ildə Bakıda və Azərbaycanın bölgələrində ermənilərin törətdikləri qırğınlar, vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb. 1918-ci il martın 30-dan aprelin 2-dək “Daşnaksutyun” Erməni İnqilabı Federasiyasının silahlı birləşmələri bolşeviklərin dəstəyi ilə Bakıda və onun ətraflarında minlərlə dinc azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirib.
Erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirdiyini vurğulayan V.Sultanzadə 31 mart hadisələrinin dünyada ən dəhşətli soyqırımı kimi tanınmasının vacibliyini qeyd edib.
Diplomat mart soyqırımının tariximizin faciəli səhifələrindən olduğunu söyləyib. O, soyqırımı siyasətinin xronologiyasından, bu siyasətin tərkib hissəsi kimi günahsız insanların xüsusi amansızlıqla qətlə yetirilməsindən və azərbaycanlıların öz yurdlarından didərgin salınmalarından söz acıb.
Səfir 31 mart soyqırımına hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb. O, Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü kimi qəbul edildiyini vurğulayıb.
Tədbirdə Azərbaycanın Türkmənistandakı səfirliyinin əməkdaşları, bu ölkədə məskunlaşmış soydaşlarımız iştirak ediblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad