SİYASƏT


Aşqabadda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü qeyd edilib

A+ A

Aşqabad, 20 oktyabr, AZƏRTAC 

Azərbaycanın Türkmənistandakı səfirliyi ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirib.

Tədbirdə Türkmənistanda yaşayan soydaşlarımız, ictimaiyyət nümayəndələri, ziyalılar və səfirliyin əməkdaşları iştirak ediblər.

Çıxış edən səfir Həsən Zeynalov 1991-ci il oktyabrın 18-də ölkəmizin müstəqilliyinə yenidən qovuşduğunu və müasir Azərbaycanın 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirib. O, müstəqilliyin ilk illərində xalqımızın çətin sınaqlarla qarşılaşdığını, həmin dövrdə ölkədə xaosun hökm sürdüyünü və Azərbaycanın bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını söyləyib. Diplomat ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra onun müdrik rəhbərliyi ilə bu çətinliklərin öhdəsindən məharətlə gəldiyini və bununla da müasir Azərbaycan dövlətinin əsasının qoyulduğunu vurğulayıb. O, Ulu Öndərin müstəqil Azərbaycanın Prezidenti olduğu illərdə ölkəmizin bütün sahələrdə qüdrətinin artması yönündə yorulmadan çalışdığını, məhz Ümummilli Liderin xidmətləri sayəsində respublikamızda ictimai-siyasi sabitliyin bərpa olunduğunu və ölkənin iqtisadi inkişaf dövrünə qədəm qoyduğunu diqqətə çatdırıb.

Səfir H.Zeynalov əsası Ümummilli Lider tərəfindən qoyulmuş siyasi və iqtisadi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, son illərdə Azərbaycanın dünya miqyasında özünü təsdiqləmiş, güclü iqtisadiyyata və qüdrətli orduya malik bir dövlətə çevrildiyini bildirib. O qeyd edib ki, Azərbaycanın regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində oynadığı mühüm rol, əldə olunan iqtisadi və sosial nailiyyətlərin aparıcı beynəlxalq təşkilatlar tərəfindən tanınması, ölkəmizdə idman, mədəniyyət, humanitar, eləcə də digər sahələrə aid keçirilən və artıq ənənə halı almış beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir. Prezident İlham Əliyevin düşünülmüş xarici və daxili siyasəti sayəsində Azərbaycandakı hərtərəfli inkişafın gələcəkdə də davam edəcəyinə inam ifadə olunub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.