CƏMİYYƏT
Aşqabadda beynəlxalq media forumu başa çatıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Aşqabadda Türkmənistan Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən və Davamlı Nəqliyyat üzrə Qlobal Konfransa həsr olunan media forumu başa çatıb.
Forumun işində xarici və yerli jurnalistlər, ekspertlər, aidiyyəti nazirlik və idarələrin, TRT, IRNA, Euronews, The Tokio Shimbun və bu kimi digər agentlik və nəşrlərin nümayəndələri, həmçinin AZƏRTAC-ın əməkdaşı da iştirak edib.
AZƏRTAC xəbər verir ki, forumda nüfuzlu beynəlxalq təşkilatların və ixtisaslaşmış qurumların, o cümlədən BMT Avropa İqtisadi Komissiyası, BMT Asiya-Sakit Okean Regionu üzrə İqtisadi və Sosial Komissiya, Avtomobil Nəqliyyatı Beynəlxalq İttifaqı, Beynəlxalq Dəniz Təşkilatı, Dəmir Yolları Birliyi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndələri çıxış ediblər.
Plenar iclaslarda nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın normativ-hüquqi bazasının formalaşdırılması, infrastrukturun inkişafı, davamlı inkişafın təmin edilməsinin ən vacib tərkib hissəsi kimi nəqliyyat-keçid dəhlizlərinin rolu məsələləri nəzərdən keçirilib. XXI əsrdə qlobal nəqliyyat strategiyasının ümumi vəzifələrinin həyata keçirilməsində dövlətlər, beynəlxalq təşkilatlar, maliyyə və iqtisadi mərkəzlər arasında qarşılıqlı anlaşmanın yaradılmasında kütləvi informasiya vasitələrinin roluna praktiki alət kimi xüsusi diqqət ayrılıb.
Media forumun iştirakçıları nəqliyyat sahəsində səmərəli qarşılıqlı əlaqənin fəallaşmasında Türkmənistan dövlətinin, bu problematika üzrə geniş beynəlxalq ünsiyyətin təşkil edilməsində Türkmənistan Prezidentinin təşəbbüslərinin mühüm rolunu qeyd ediblər.
Beynəlxalq KİV-lərin nümayəndələri Türkmənistan tərəfinə qonaqpərvərliyə, forumun yüksək səviyyədə keçirilməsinin təmin edilməsinə və forumun uğurla işləməsi üçün optimal şəraitin yaradılmasına görə minnətdarlıq ediblər.