İQTİSADİYYAT
Aşqabadda dayanıqlı nəqliyyat sistemi üzrə ilk qlobal konfrans keçiriləcək
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 26-27-də Türkmənistanın paytaxtı Aşqabadda dayanıqlı nəqliyyat sistemi üzrə ilk qlobal konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Türkmənistanın Azərbaycandakı səfirliyi noyabrın 21-də konfransla bağlı brifinq təşkil edib.
Səfirliyin birinci katibi Batır Rəcəbov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, Türkmənistanın nəqliyyat sahəsində dövlət siyasətinin əsas istiqaməti Mərkəzi Asiya, Xəzər dənizi, Qara dəniz, Baltik regionu, Yaxın Şərq, Cənub və Cənub-Şərqi Asiyanı birləşdirən yeni geoiqtisadi məkanın yaradılmasıdır.
Batır Rəcəbov deyib ki, Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolunun Türkmənistan hissəsinin açılış mərasimi noyabrın 28-də keçiriləcək. O, bu xəttin region ölkələrinin dostluq və əməkdaşlıq yolu olacağına ümid etdiyini vurğulayıb. Diplomat ilk qlobal konfransda Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyini deyib.
B.Rəcəbov, həmçinin Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, bu sahə üzrə yaradılmış işçi qrupunun bu yaxınlarda Azərbaycanda olduğunu qeyd edib.