İQTİSADİYYAT
Aşqabadda dayanıqlı nəqliyyat sistemi üzrə ilk qlobal konfrans keçirilir
Aşqabad, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Türkmənistanın paytaxtı Aşqabadda BMT-nin dəstəyi ilə “Dayanıqlı nəqliyyat sistemi qlobal konfrans” öz işinə başlayıb.
İlk qlobal konfransda ölkəmizi Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
AZƏRTAC xəbər verir ki, qlobal konfransın açılış mərasimində Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxışında konfransın yüksək əhəmiyyətini qeyd edib və bildirib ki, bu qlobal konfrans ölkələr arasında nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsinə və inkişafına yönəlib. Türkmənistan Prezidenti nəqliyyat sahəsində əlaqələrin inkişafı həm də ticari və iqtisadi sahədə əlaqələrin genişləndirilməsinə imkanlar yaradacağını söyləyib.
“Türkmənistanın nəqliyyat sahəsində dövlət siyasətinin əsas istiqaməti Mərkəzi Asiya, Xəzər dənizi, Qara dəniz, Baltik regionu, Yaxın Şərq, Cənub və Cənub-Şərqi Asiyanı birləşdirən yeni geoiqtisadi məkanın yaradılmasıdır”, - deyə Qurbanqulu Berdiməhəmmədov bəyan edib.
Prezident bildirib ki, konfrans çərçivəsində nəqliyyat sahəsində ölkələr arasında mövcud olan bir sıra mühüm məsələlər müzakirə ediləcək və onların həll yolları araşdırılacaq. Konfrans həm də Xəzəryanı ölkələrin tranzit sahəsində əlaqələrin genişləndirilməsində öz töhfəsini verəcək. Belə ki, sözügedən ölkələr Xəzər dənizi vasitəsilə Qara dənizə çıxış imkanlarını artıra bilərlər və bununla da, ticarət dövriyyəsini artırmaq mümkün ola bilər. Bu da, öz növbəsində qeyri-neft sektorunun inkişafı istiqamətində atılan mühüm addımlardan biri olacaq.
“Bu baxımdan Aşqabadda keçirilən “Dayanıqlı nəqliyyat sistemi” mövzusunda ilk qlobal konfrans Türkmənistan və digər ölkələr üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə Qurbanqulu Berdiməhəmmədov əlavə edib.
BMT-nin baş katibi Pan Gi Mun dayanıqlı nəqliyyatın inkişafı mövzusunda məruzə ilə çıxış edib. Pan Gi Mun bildirib ki, ölkələr arasında əlaqələrin inkişaf etdirilməsində nəqliyyat sahəsi mühüm yer tutur. Belə ki, ölkələr arasında tranzit yükdaşımalar nəqliyyatın inkişafı ilə yanaşı ikitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi, eləcə də qeyri-neft sektorunun inkişafına geniş şərait yaradır.
Sonra konfransda Türkmənistanın nəqliyyat potensialına dair videoçarx nümayiş olundu.
Videoçarxda bildirildi ki, Türkmənistanın liman şəhəri olan Türkmənbaşıda tikilmiş Türkmənabat limanından Xəzər dənizi vasitəsilə tranzit daşımaları Avropaya çatdırmaq mümkündür.
Daha sonra konfransda Əfqanıstanın Prezidenti Məhəmməd Əşrəf Qani məruzə ilə çıxış edib. Bildirib ki, noyabrın 28-də Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolunun Türkmənistan hissəsinin açılış mərasimi keçiriləcək. O, bu xəttin region ölkələrinin dostluq və əməkdaşlıq yolu olacağına ümid etdiyini vurğulayıb.
Daha sonra Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif məruzə ilə çıxış edib.
Konfrans işini davam etdirir.
Pərvanə Rəhimova
AZƏRTAC-ın müxbiri
Aşqabad