ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutu Türkiyənin Egey Universiteti ilə əməkdaşlıq edəcək
Bakı, 12 dekabr, AZƏRTAC
AMEA-nın Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və direktorun ümumi işlər üzrə müavini Elman Zülfüqarov Türkiyənin Egey Universitetində elmi ezamiyyətdə olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ezamiyyət zamanı akademik V.Fərzəliyev və E.Zülfüqarov Egey Universitetinin elm fakültəsinin kimya bölməsi ilə tanış olublar. Kimya bölməsinin rəhbəri, professor Mehmet Balcanla görüşdə akademik V.Fərzəliyev rəhbərlik etdiyi institutun elmi fəaliyyəti haqqında ətraflı məlumat verib.
Sonra elmi istiqamətlər üzrə müzakirələr aparılıb və əməkdaşlığa dair memorandumun imzalanması haqqında razılıq əldə olunub.
Qeyd edək ki, Aşqarlar Kimyası İnstitutu Türkiyənin Orta Doğu Texniki Universiteti və Atatürk Universiteti ilə də elmi əməkdaşlıq edir.