ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutu gənclər üçün mükafat müsabiqəsi elan edir
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc Alim və Mütəxəssislər Şurası “Akademik Əli Quliyev adına mükafat”ın 2017-ci il üzrə növbəti laureatını seçmək üçün müsabiqə elan edir.
AKİ-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin şərtlərinə görə bu mükafata institutda çalışan və yüksək elmi nəticə göstərən bir nəfər gənc alim layiq görüləcək. Namizədlərin seçimi zamanı onların nüfuzlu xarici (impakt faktoru yüksək olan) jurnalda məqaləsinin dərc olunması, xarici ölkələrin birində beynəlxalq konfransda məruzə ilə çıxış etməsi, əhəmiyyətli patent alması, elmi əsərlərinə olan istinadlar kimi əsas meyarlara üstünlük veriləcək.
İnstitutun mükafat üzrə ekspert komissiyası namizədlərdən birini AKİ-nin elmi şurasının müzakirəsinə təklif edəcək. Şura üzvləri həmin namizədi müzakirə edib haqqında qərar verəcəklər.
Seçilmiş namizədə akademik Əli Quliyevin doğum günündə - mayın 31-də diplom və pul mükafatı təqdim olunacaq.
Qeyd edək ki, gənclər üçün “Akademik Əli Quliyev mükafatı” artıq dörd ildir təsis olunub. İndiyədək dörd gənc alim bu mükafata layiq görülüb.