İQTİSADİYYAT
“Əsrin müqaviləsi”: Azərbaycan neft strategiyasının təməl daşı” kitabı çapdan çıxıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyevin bu günlərdə çapdan çıxan “Əsrin müqaviləsi”: Azərbaycan neft strategiyasının təməl daşı” adlı kitabı həmin əsərlər sırasında xüsusi yer tutur. Uzunmüddətli elmi araşdırmaların nəticəsi olan bu əsər Azərbaycanın milli neft strategiyası tarixinin akademik səviyyədə araşdırılması yolunda atılmış çox mühüm addımdır.
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi şurasının qərarı ilə çap olunan monoqrafiyada müstəqillik illərində neft-qaz sənayesinin ümumi vəziyyəti və inkişaf tendensiyası, “Əsrin müqaviləsi”nin neft sənayesinin inkişafındakı rolu, eləcə də ixrac boru kəmərləri sisteminin yaradılması və bu proseslərdə ARDNŞ-in rolu parlaq şəkildə əksini tapıb.
Kitabda xüsusi vurğulanır ki, “Əsrin müqaviləsi” ətrafında aparılan danışıqlarda Azərbaycan xalqının strateji maraqları təmin olunub, ulu öndər Heydər Əliyevin siyasi tapşırıqları yerinə yetirilib. Əsərin elmi redaktoru, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı Yaqub Mahmudov kitaba yazdığı ön sözdə monoqrafiyanı Azərbaycan neft tarixinə dair ən uğurlu araşdırmalardan biri, tarix elminin mühüm nailiyyəti kimi qiymətləndirib.