REGİONLAR
“Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsasıdır
AZƏRTAC xəbər verir ki, elmi konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycanın əsrlər boyu özünün zəngin karbohidrogen ehtiyatları ilə diqqəti cəlb etdiyini bildirib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə neft gəlirlərinin respublikamızın inkişafına yönəldilməsi üçün təməl işlər görülüb və Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra neft strategiyası ölkəmizin gələcəyini müəyyən edən əsas istiqamətə çevrilib.
Vurğulanıb ki, məhz 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən edib.
Elmi konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Müslüm Cabbarzadə “İqtisadi tərəqqiyə və sosial rifaha xidmət strategiyası” mövzusunda geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, XX əsrin 90-cı illərində bazar münasibətlərinə keçidi şərtləndirən iqtisadi, siyasi, hüquqi islahatların gerçəkləşdirilməsi ilə yanaşı, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, habelə Xəzərin karbohidrogen ehtiyatlarından məqsədyönlü istifadə edilməsi nəticəsində ölkəmiz tədricən ümummilli böhranı aradan qaldırmağa, sabit inkişaf yoluna qədəm qoymağa müvəffəq ola bilib. Ulu öndər Heydər Əliyevin enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onun geosiyasi və geoiqtisadi mövqelərini daha da möhkəmləndirib, dövlətimizi dünyada sabit enerji təminatçısı kimi tanıdıb.
Vurğulanıb ki, “Əsrin müqaviləsi” Azərbaycanın müstəqil dövlət kimi öz sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləyən tarixi sənəddir. Bu müqavilə ilə əsası qoyulan neft strategiyası Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib. Neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun seçilməsi də Ümummilli Liderimizin gərgin əməyi sayəsində reallaşıb. Ulu öndər Heydər Əliyevin dühasının məhsulu olan uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində artan neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza qeyri-neft sektorunun dinamik inkişafına da təkan verib. Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxaraq qlobal müstəviyə yüksəlib. Azərbaycan neft-qaz ixrac edən ölkə kimi dünya birliyi üçün etibarlı tərəfdaşa, enerji təhlükəsizliyi məsələlərində isə fəal subyektə çevrilib.
Ümummilli Liderin neft strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz zaman keçdikcə güclənir, iqtisadi cəhətdən inkişaf edir, xalqın rifah halı yaxşılaşdırılır, neftdən əldə olunan gəlir qeyri-neft sektorunun inkişafına yönəldilir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən ardıcıl islahatlar nəticəsində iqtisadi və sosial sahələrdə baş verən dəyişiklikləri xarakterizə edən makroiqtisadi göstəricilər davamlı olaraq yüksəlib. Son illər muxtar respublikada müasir infrastruktur qurulub, yeni müəssisələr yaradılıb, iş yerləri açılıb, ümumilikdə, regionun iqtisadi potensialı gücləndirilib, quruculuq işləri daha da sürətlənib. Blokada şəraitində yaşayan muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndlərinin belə, fasiləsiz təbii qaz və elektrik enerjisi ilə təmin olunmasının əsası “Əsrin müqaviləsi” ilə qoyulan davamlı inkişaf yolunun nəticələridir.