MƏDƏNİYYƏT
“Əsrin müqaviləsi”nin 20 illiyi münasibəti ilə keçirilən müsabiqələrə yekun vurulub
Əvvəlcə tədbir iştirakçıları rəsm müsabiqəsi iştirakçılarının əsərlərindən təşkil edilən sərgi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, mərasimi açan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iştirakçıları “Əsrin müqaviləsi”nin imzalanmasının iyirminci ildönümü münasibətilə təbrik edib. Qeyd olunub ki, şirkətin 2013-cü ildə müxtəlif peşələr üzrə istehsalatda uğur qazanan işçiləri arasında ənənəvi baxış-müsabiqə keçirilib, qaliblər müəyyən olunub. Eyni zamanda “Əsrin müqaviləsi”nin 20 illik yubileyi münasibətilə Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Art energy 20” və “20 şanlı il” mövzusunda rəsm və mahnı müsabiqələri elan edilib. Bu müsabiqələrə 143 rəsm və 40 musiqi əsəri təqdim olunub.
Mərasimdə çıxış edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Əsrin müqaviləsi”nin əhəmiyyətindən, ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış enerji strategiyasının uğurla həyata keçilməsi nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən danışıb. R.Abdullayev Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən qlobal enerji layihələrindən söhbət açaraq, bu müqavilənin Azərbaycan və region ölkələrinin inkişafı baxımından misilsiz əhəmiyyətini də vurğulayıb.
ARDNŞ-in Neftçilər Günü münasibəti ilə bir-birindən maraqlı mədəniyyət layihələri həyata keçirdiyini qeyd edən R.Abdullayev bildirib ki, müxtəlif peşələr üzrə şirkətin ən qabaqcıl əməkdaşlarını müsabiqə yolu ilə müəyyən edilməsi, ən yaxşı geoloq, qazmaçı, neft-qaz hasilatçısı, emalçı, inşaatçı, nəqliyyat işçisi, kimyaçı və qaz təsərrüfatı işçisi nominasiyaları üzrə keçirilən baxış-müsabiqənin qaliblərinin mükafatlandırılması artıq ənənə halını alıb. Bütün bunlar Azərbaycan neftçilərinin qədim neft tariximizə dərin hörmətini təcəssüm etdirir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev “Əsrin müqaviləsi”nin imzalanmasının iyirminci ildönümü münasibəti ilə qəhrəman neftçilər ordusunu təbrik edib, ARDNŞ-in və onun əməksevər kollektivinin ölkə iqtisadiyyatının inkişafında oynadığı rolu yüksək qiymətləndirib.
Sonra ARDNŞ-in prezidenti R.Abdullayev, mədəniyyət və turizm nazirinin müavini Ə.Vəliyev və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi “İlin ən yaxşısı” baxış-nominasiyası, habelə “Ən yaxşı rəngkarlıq əsəri”, “Ən yaxşı kiçik həcmli heykəltəraşlıq əsəri”, “Ən yaxşı vokal əsəri” və “Ən yaxşı instrumental əsər” nominasiyalarının qaliblərinə mükafatları təqdim ediblər.
Mərasimdə mahnı müsabiqəsinin qalibləri öz əsərlərini ifa ediblər.