REGİONLAR
“Əsrlərdən gələn səs”: Azərbaycan şifahi xalq ədəbiyyatı
Bərdə, 28 aprel, AZƏRTAC
Bərdə rayon mərkəzi kitabxanasında Azərbaycan şifahi xalq ədəbiyyatına həsr edilmiş “Əsrlərdən gələn səs” adlı musiqili ədəbi-bədii tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın şöbə müdiri Sevda Süleymanova çıxış edərək, iştirakçılara Azərbaycan şifahi xalq ədəbiyyatı haqqında geniş məlumat verib. Bildirilib ki, Azərbaycan folkloru xalqımızın yüksək mənəvi-əxlaqi dəyərlərini, etik və estetik düşüncəsinin aparıcı meyillərini özündə əks etdirən və ümumtürk şifahi ədəbiyyatının tərkib hissəsi olan yaradıcılıq sahəsidir. Azərbaycan türklərinin adət-ənənəsi, ayin və etiqadları, tarixi cəngavərlik əxlaqı, vətənsevərliyi və torpaq məhəbbəti, valideyn sevgisi, həzin lirik duyğuları bu yaradıcılıqda bütöv və özünəməxsus şəkildə tərənnüm edilib.
Tədbirdə məktəblilər Azərbaycan şifahi xalq ədəbiyyatına aid nümunələr, o cümlədən layla və bayatılar söyləyib, rəqslər ifa ediblər.