MƏDƏNİYYƏT
“Əsrlərin harayı” Lənkəran teatrının səhnəsində
Bakı, 28 iyun, AZƏRTAC
N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində Əli Vəlioğlunun “Əsrlərin harayı” dramı əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun quruluşunda təqdim edilib.
Tamaşada rəsmlərin quruluşu Tərlan Sadıqova, musiqi tərtibatı isə Rüfət Ramazanova məxsusdur. Yurd sevgisi, dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi mövzulardan bəhs edən tamaşada əsas rolları teatrın aparıcı aktyorları Əməkdar artistlər Təvəkkül Əliyev, Sucəddin Mirzəyev, aktyorlar Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev və Şəbnəm Hüseynova ifa ediblər.
Səhnə əsərləri lənkaranlı teatrsevərlər tərəfindən maraqla qarşılanıb.