İQTİSADİYYAT
Astana İqtisadi Forumu çərçivəsində keçirilən beynəlxalq konfransda Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təqdimatı olmuşdur VİDEO
Astana, 23 may (AZƏRTAC). Astana İqtisadi Forumu çərçivəsində keçirilən “Qara və Xəzər dənizi tranziti – TRACEKA çərçivəsində dialoq” adlı beynəlxalq konfransda Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təqdimatı olmuşdur.
Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı – Trans-Avropa və Trans-Asiya nəqliyyat şəbəkələrinin kəsişməsində effektiv nəqliyyat düyünü” mövzusunda keçirilən təqdimatda qeyd olunmuşdur ki, bu limanın yükdaşımaların və tranzit dəhlizlərinin kəsişməsində yerləşməsi onun əhəmiyyətini daha da artırır.
Məlumat verilmişdir ki, liman ərazisində böyük logistika mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. Mərkəzin emal gücü 10 milyon tona yaxın olacaqdır. Yeni liman kompleksində, həmçinin ümumi yük terminalı, Qazaxıstan və Türkmənistan limanlarını Bakı ilə birləşdirən bərə terminalı, yükboşaltma və sərnişin terminalları yerləşəcəkdir.
Təqdimatda Qazaxıstanla Azərbaycan arasında tranzit yükdaşımaların həcminin artırılmasının dövlət proqramına daxil edildiyi də bildirilmişdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana