İQTİSADİYYAT
Astana İqtisadi Forumu işini davam etdirir
Astana, 16 iyun, AZƏRTAC
Qazaxıstan paytaxtında X yubiley Astana İqtisadi Forumu bu gün də işini davam etdirir. Azərbaycanın da təmsil olunduğu forumda dünyada tanınan iri maliyyə qurumları, beynəlxalq təşkilatların rəhbərləri, Nobel mükafatı laureatları, alim, siyasətçi və ekspertlər iştirak edir.
Forumun açılışında çıxış edən Qazaxıstan Baş naziri Baxıtcan Saqintayev 2017-ci ilin ilk 5 ayı ərzində ölkə iqtisadiyyatının 4.1 faiz artdığını bildirib. Qazaxıstanın hədəfinin 2050-ci ilə qədər dünyanın inkişaf etmiş 30 iqtisadiyyatı sırasına düşmək olduğunu xatırladan Baş nazir bunun üçün yanacaq-energetika, turizm, ticarət, təhsil, səhiyyə, nəqliyyat və logistika daxil olmaqla 8 əsas istiqamət üzrə intensiv iş aparıldığını qeyd edib.
Tədbirdə “Transmilli istehsal gücü üzrə əməkdaşliq: “Bir kəmər-bir yol” mövzusunda keçirilən plenar iclasda çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov İpək Yolu marşrutunun şuraya üzv dövlətlər üçün əhəmiyyətindən danışıb, bu ilin sentyabr ayından həmin marşrut üzrə “Karvansaray” adlı yeni bir pilot layihəyə start veriləcəyini bildirib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana