MƏDƏNİYYƏT
Astanada “Azərbaycan-İslam dünyasının incisi” adlı fotosərgi açılıb VİDEO
Astana, 5 may, АZƏRTAC
Mayın 5-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Milli Muzeydə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycan - İslam dünyasının incisi” adlı fotosərgi açılıb. Sərgidə Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilən 50-dən çox foto nümayiş etdirilir.
Sərginin açılışında çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasından və Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən danışıb.
Diplomat bu günlərdə Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini qeyd edib. O, deyib ki, hər iki ölkə multikulturalizmi dövlət siyasətinin prioritetləri sırasına daxil edib. Multikulturalizm Azərbaycanın və Qazaxıstanın həyat tərzinə çevrilib.
Daha sonra səfir ulu öndər Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərdən danışıb. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanı fəlakətlərdən xilas edərək sürətli inkişaf yoluna çıxarıb. Ulu Öndərin dünyanın çox nüfuzlu siyasi və dövlət xadimi olduğu qeyd edilib və bunun görkəmli liderlər tərəfindən dəfələrlə vurğulandığı diqqətə çatdırılıb.
Rəşad Məmmədov qeyd edib ki, Heydər Əliyev Azərbaycanın həm daxili, həm də xarici siyasətində qlobal dönüşə nail olmuş dahi siyasətçidir. Onun siyasi kursunu bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.
Mayın 21-dək davam edəcək sərgidə Azərbaycanın müqəddəs abidələrinin fotosərgisi də nümayiş etdirilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana