MƏDƏNİYYƏT
Astanada “Azərbaycan günləri” keçirilib
Astana, 1 mart, AZƏRTAC
Astanada Azərbaycan Gənclər Cəmiyyətinin təşkilatçılığı və “Xəzər” Mədəniyyət Mərkəzinin dəstəyi ilə “Azərbaycan günləri” keçirilib.
Humanitar – Hüquq Kollecində keçirilən tədbir çərçivəsində Azərbaycandan bəhs edən kitablar, milli musiqi alətləri nümayiş etdirilib. Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti haqda iştirakçılara ətraflı məlumat verilib, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışılıb.
Kollecin direktoru Erbol Korıkbayev bildirib ki, “Azərbaycan günləri”nin keçirilməsinin Qazaxıstan Xalqlar Assambleyasının 20 illiyinə təsadüf etməsi sevindiricidir. Bu cür təbirlər Azərbaycan və Qazaxıstan gəncləri arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verir. Kollecin məzunları arasında azərbaycanlı iş adamlarının, idman sahəsində çempionların olması qürurvericidir.
Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Vidadi Salahov və “Xəzər” Mədəniyyət Mərkəzinin rəhbəri Vidadi Ağayev ölkələrimizin əlaqələrinin gündən-günə genişləndiyini diqqətə çatdıraraq gənclər arasında münasibətlərin inkişaf etməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə azərbaycanlı gənclər mahnı və rəqslər ifa ediblər.
Azərbaycanlı Gənclər Cəmiyyətinin sədri Günel Məmmədova tədbirin Azərbaycan tarixinin və mədəniyyətinin təbliğ olunması və iki ölkənin gəncləri arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıdığını bildirib.
Azərbaycan mətbəxindən nümunələrin də təqdim olunduğu tədbirdə xüsusi fəallıq göstərən gənclər “Xəzər” Mədəniyyət Mərkəzi tərəfindən diplomlarla təltif ediliblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana