İQTİSADİYYAT


Astanada Azərbaycan istehsalı olan şərabların təqdimatı keçirilib

ASTANA, 2 iyun, АZƏRTAC

Astanada Azərbaycan istehsalı olan şərabların təqdimatı keçirilib.

“Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satışının təşkili məqsədilə Qazaxıstanın bir çox regionlarında da belə təqdimatların keçirilməsi nəzərdə tutulub.

Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan istehsalı olan şərabların təqdimatı keçirilib.

Təqdimat və dequstasiya mərasimində Qazaxıstan dövlət strukturlarının rəsmiləri, bu ölkədə akkreditə olunan 40-dan artıq diplomatik missiyanın rəhbərləri və nümayəndələri iştirak edib.

“Made in Azerbaijan” brendi adı altında keçirilən təqdimatda şərab istehsalı üzrə ixtisaslaşan Fireland Vineyards MMC-nin direktoru Elmar Səidov məhsulların çeşidləri haqqında geniş məlumat verib. Bildirilib ki, Almaniya, İtaliya, Fransa və Yaponiyadan gətirilən istehsal avadanlıqları ən keyfiyyətli məhsulları ixrac etməyə imkanlar yaradır. Bunlardan biri olan “Chardonnay” şərab növü dünyanın ən çox satılan quru ağ şərabına çevrilib. “Chardonnay” adlı üzüm növü dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da yetişir. “Viognier”, “Rkatsiteli” kimi şərablar da yalnız bir üzüm növündən alınmaqla premium sinfinə daxildir.

Təqdimat mərasimi çərçivəsində keçirilən dequstasiyada “Yallı” və “Sauvignon Blanc” şərabları iştirakçılarda xüsusi maraq oyadıb. Şərab istehsalı ilə tanınan ölkələrin səfirləri, diplomatları Azərbaycan şərablarının keyfiyyətini yüksək qiymətləndiriblər. Bu da ölkəmizdə bu sahədə istehsal olunan malların ixrac standartlarına uyğun olmasından xəbər verir.

Artıq Azərbaycan şərablarının Qazaxıstana ixrac edilməsi və satışının təşkil edilməsi üçün uğurlu danışıqlara start verilib və müəyyən nəticələr əldə edilməkdədir. Yeri gəlmişkən, böyük həcmdə şərab istehsalçısı və ixracı ilə məşğul olan ölkələr, ö cümlədən Gürcüstan artıq bu təcrübədən istifadə edib. Odur ki, “Made in Azerbaijan” brendi altında Qazaxıstanın bir çox regionlarında da belə təqdimatların keçirilməsi nəzərdə tutulub.

Azərbaycanın bu ölkədəki səfirliyi ilə aidiyyəti dövlət strukturlarının birgə fəaliyyəti nəticəsində sahibkarların Qazaxıstanın Astana, Almatı, Petropavlovsk, Kustanay, Şimkənt kimi şəhərlərində təşkil olunacaq sərgi və yarmarkalarında vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirakı təmin ediləcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.