İQTİSADİYYAT
Astanada Enerji Xartiyası Konfransının 25-ci sessiyası keçirilib
Astana, 28 noyabr, İlahə Əhmədova, AZƏRTAC
Astanada Enerji Xartiyası Konfransının 25-ci sessiyası keçirilib. “Tranzit dəhlizlərinin inkişafı və qlobal enerji təhlükəsizliyi” mövzusuna həsr olunmuş konfransda ölkəmizi energetika naziri Natiq Əliyev, Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov təmsil ediblər.
Konfransda çıxış edən Natiq Əliyev ölkəmizdə həyata keçirilən enerji siyasəti, əldə olunan nəticələr və perspektivlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, istər regional, istərsə də qlobal enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın rolundan və bu istiqamətdə atılan addımlardan bəhs edib. Nazir enerji sektorunda beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində Enerji Xartiyasının rolunu dəyərləndirərək Azərbaycanla bu qurum arasında əlaqələrin inkişafı üçün lazımı tədbirlərin görüləcəyini bildirib.
Strateji layihə olan “Cənub” qaz dəhlizinin Avropa, Xəzər və Qara dəniz regionu ilə yanaşı, Aralıq dənizi ölkələri ilə də enerji təhlükəsizliyi sahəsində gələcək siyasi-iqtisadi əməkdaşlığa imkan yaratdığını bildirən N.Əliyev Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə üzrə də iş aparıldığını da diqqətə çatdırıb.
Albaniya, Çin, Gürcüstan, İndoneziya, İrlandiya, Kipr, Litva, Küveyt və digər ölkələrdən nazir və nazir müavinlərinin iştirak etdikləri konfransın yekununda Xartiyanın yaxın 5 il üçün inkişaf strategiyasını müəyyənləşdirən Astana Yol Xəritəsi sənədi qəbul edilib.
Enerji Xartiyası Konfransının növbəti sessiyası Gürcüstanda keçiriləcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana