İQTİSADİYYAT
Astanada IX İqtisadi Forum işə başlayıb VİDEO
Əsas mövzusu “Yeni iqtisadi reallıqlar: şaxələndirmə, innovasiya və bilik iqtisadiyyatı” olan forumun media tərəfdaşlarından biri də AZƏRTAC-dır
Astana, 25 may, AZƏRTAC
Bu gün Astanada IX İqtisadi Forum (AİF) öz işinə başlayıb. Foruma dünyanın mötəbər maliyyə qurumlarının, beynəlxalq təşkilatların rəhbərləri, Nobel mükafatı laureatları, alimlər, siyasətçilər və ekspertlər toplaşıblar.
Əsas mövzusu “Yeni iqtisadi reallıqlar: şaxələndirmə, innovasiya və bilik iqtisadiyyatı” olan forumda dünyanın 80 ölkəsindən 5 minədək nümayəndə iştirak edir.
Bu il AİF çərçivəsində “Böyük İpək Yolu ölkələri” forumu da keçiriləcək. Burada Avropa və Asiyanın infrastruktur imkanları, dünya iqtisadiyyatı: innovasiyalar və texnologiya, yaşıl iqtisadiyyat: sosial innovasiyalar, iqtisadi artım və ekologiya mövzusu müzakirə ediləcək. “Böyük İpək Yolu ölkələrinin forumu: enerji, resurslar və davamlı inkişaf” mövzusunda keçiriləcək plenar iclasın spikeri “Bakı beynəlxalq dəniz ticarət limanı”nın baş direktoru Taleh Ziyadov olacaq.
AİF-in media tərəfdaşlarından olan AZƏRTAC Forumun gedişini geniş işıqlandıracaq, xəbər və müsahibələr təqdim edəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana