ELM VƏ TEXNOLOGİYA


Astanada Parlamentlərarası Forum keçirilir

A+ A

Astana, 26 sentyabr, AZƏRTAC

Qazaxıstanın Astana şəhərində Parlamentlərarası Forum keçirilir. Forumda Azərbaycanı Milli Məclisin deputatı Bəxtiyar Əliyev təmsil edir.

ISESCO və UNESCO tərəfindən birgə təsis olunmuş forumda 25 ölkədən ekspertlər, parlamentarilər, siyasətçilər, elmi birliklərin, medianın, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri iştirak edirlər.

Tədbirdə üzv dövlətlərdə elm, texnologiya və innovasiyalar sahəsində idarəçiliyin möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Forumda çıxış edən Bəxtiyar Əliyev Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal olunması, Xocalı soyqırımı, yüzlərlə mədəniyyət və təhsil ocaqlarının, tarixi abidələrimizin dağıdılması barədə məlumat verib və bütün bunların bəşəriyyətə qarşı törədilmiş cinayətlər olduğunu vurğulayıb. Azərbaycanda innovasiyaların inkişafı ilə bağlı yaradılmış hüquqi bazadan və aparılan islahatlardan danışan Bəxtiyar Əliyev ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritetlərini diqqətə çatdırıb. ISESCO-ya üzv olan dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunan Milli Məclisin deputatı qeyd edib ki, bu çərçivədə konvensiya səviyyəsində müəyyən konsepsiyalar hazırlanmalı, vahid təhsil və elm məkanı yaradılmalı, bunun əsasında dayanıqlı iqtisadi inkişafı təmin edən biliklər iqtisadiyyata gətirilməlidir.

Forumda elm sahəsində çalışan gənc mütəxəssislərə, elmi müəssislərə, həmçinin kiçik və orta sahibkarlığın inkişafına innovasiyaların cəlb olunmasına dövlət dəstəyi ilə bağlı məsələlərə toxunulub.

Forumun sonunda Astana bəyannaməsi qəbul olunacaq.

Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə sammitinin 2017-ci il sentyabrın 11-12-də Astanada keçirilməsi nəzərdə tutulub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.