DÜNYA


Astanada Şanxay Əməkdaşlıq Təşkilatının XVII Sammiti işə başlayır

Astana, 9 iyun, АZƏRTAC

İyunun 9-da Astanada Şanxay Əməkdaşlıq Təşkilatının XVII Sammiti işə başlayıb.

ŞƏT Sammitində təşkilata üzv dövlətlərin başçıları - Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Çin Xalq Respublikasının sədri Si Cinpin, Qırğızıstan Prezidenti Almazbek Atambayev, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, habelə təşkilatın müşahidəçi dövlətlərinin rəhbərləri - Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Belarus Prezidenti Aleksandr Lukaşenko, Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj və İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun iştirakı gözlənilir.

Dövlət başçılarının görüşündə təhlükəsizlik, əməkdaşlığın genişləndirilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.

Həmçinin ŞƏT üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının iclasında bir sıra sənədlər qəbul olunacaq. İclasda ekstremizmə qarşı mübarizədə ŞƏT Konvensiyasının, Astana Bəyannaməsinin və ümumilikdə, 10-a yaxın sənədin imzalanacağı gözlənilir.

Tədbirdə əməkdaşlığın müxtəlif aspektləri, humanitar əlaqələrin inkişafı, regional təhlükəsizliyin təmin olunması, qarşılıqlı ticari-iqtisadi fəaliyyətin dərinləşdirilməsi, aktual beynəlxalq problemlər müzakirə olunacaq.

Sammitdə təşkilata daha iki dövlətin - Hindistan və Pakistanın üzv olması gözlənilir.

Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılıb və təşkilata 6 dövlət – Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacıkistan və Özbəkistan üzvdür.

Azərbaycan bu təşkilatda dialoq üzrə tərəfdaş rolunu oynayır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.