SİYASƏT
Astanada XII Avrasiya Media Forumu işə başlamışdır VİDEO
Astana, 24 aprel (AZƏRTAC). Aprelin 24-də Qazaxıstan Respublikasının paytaxtı Astanada XII Avrasiya Media Forumu (AAMF) işə başlamışdır.
Müstəqillik Sarayında keçirilən tədbirdə dünyanın bir çox ölkələrindən gəlmiş ictimai-siyasi xadimlər, iqtisadçılar, ekspertlər, tanınmış jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Forumda ölkəmizi AZƏRTAC-ın müxbiri Kifayət Əliyeva və APA-nın əməkdaşı Cavid İsmayıl təmsil edirlər. Jurnalistlərin forumda iştirakı “Japan Tobacco International” şirkətinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə mümkün olmuşdur.
Forumun açılış mərasimində Qazaxıstan Respublikasının dövlət katibi Adılbek Jaksıbekov Prezident Nursultan Nazarbayevin tədbir iştirakçılarına məktubunu oxumuşdur.
Məktubda bildirilmişdir ki, fəaliyyət göstərdiyi on iki il ərzində Avrasiya Media Forumu siyasətçilər, ekspertlər və jurnalistlər arasında fikir mübadiləsi üçün səmərəli platforma olmuşdur. Qloballaşma şəraitində Avrasiya və bütövlükdə dünya problemlərinin geniş müzakirəsinin əhəmiyyəti artır. XXI əsrdə dialoq bir sıra ekspertlər tərəfindən meqadiplomatiya adlandırılan yeni, mühüm qloballaşma vasitəsidir. On iki il ərzində AAMF-in işində dünyanın 60 ölkəsindən beş mindən çox nümayəndə iştirak etmişdir. Forumu Qazaxıstanın və xarici ölkələrin 500-dən çox KİV-i işıqlandırmışdır. Bu isə beynəlxalq aləmdə forumun böyük əhəmiyyətini bir daha diqqətə çatdırır.
Məktubda daha sonra bildirilmişdir ki, 2015-ci il Qazaxıstan Xalqları Assambleyası İli elan edilmişdir. Astanada Qazaxıstan Xalq Forumu keçiriləcəkdir. İnanıram ki, Media Forumu çərçivəsində aparılan konstruktiv dialoq bundan sonra da qarşılıqlı anlaşmaya və etimadın möhkəmlənməsinə kömək edəcəkdir.
Qazaxıstan dövlətinin başçısı forumun işinə uğurlar arzulamış, onun öz məqsədlərinə nail olacağına əminliyini bildirmişdir.
Tədbirdə Media Forumun təşkilat komitəsinin sədri Dariqa Nazarbayeva çıxış edərək bildirmişdir ki, forumun son iclasından bir il keçmişdir. Ötən müddətdə dünyada və Qazaxıstanda müxtəlif istiqamətlərdə, o cümlədən media sahəsində qlobal dəyişikliklər baş vermişdir. Bütün bunlar iki gün ərzində forumun panel iclaslarında geniş müzakirə olunacaqdır.
D.Nazarbayeva Forumun təşkilinə göstərilən dəstəyə görə Qazaxıstan dövlətinin rəhbərliyinə minnətdarlığını çatdırmışdır. O, Forumun işinə uğurlar arzulamışdır.
Daha sonra Forum işini “Dünyada yeni qayda-qanun. Dünya böhranının konturları və onun nəticələri” mövzusunda panel iclasında davam etdirmişdir.
Rusiyanın “Birinci kanal” televiziyasının aparıcısı Vladimir Poznerin sədrliyi ilə keçirilmiş iclasda dünyada hökm sürən böhran və onun ağır nəticələri ətrafında fikir mübadiləsi aparılmışdır. Müzakirələrdə ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç, İsrailin keçmiş Baş naziri Ehud Barak, MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulin, Hindistan xarici işlər nazirinin keçmiş müavini Raciv Sikri, NATO baş katibinin sabiq müavini Alessandro Minuto-Risso, Misirin “Əl-Cumhuriya” Siyasət və Təhlükəsizlik üzrə Tədqiqat Mərkəzinin direktoru Sameh Seyf əl-Yazal iştirak etmişlər.
Sonra “Yaxın Şərq alovunun sönməyən məşəli”, “İran nüvə proqramı” mövzularında panel iclasları keçirilmişdir. İclaslarda müxtəlif ölkələrdən tanınmış siyasi xadimlər, ekspertlər, jurnalistlər mövzularla bağlı fikirlərini bildirmiş, iştirakçıların suallarını cavablandırmışlar.
Forum işini aprelin 25-də panel iclasları ilə davam edəcəkdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana