MƏDƏNİYYƏT
Astanada birinci Avrasiya Kitab Sərgisi keçirilir
Astana, 10 noyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada birinci Avrasiya Kitab Sərgisi keçirilir. Sərgi çərçivəsində Beynəlxalq Türk Akademiyasının “Türkologiya sahəsində aktual tərcümə məsələləri” adlı beynəlxalq açıq seminar təşkil edilib.
Qazaxıstanın paytaxtı Astanada işə başlayan və dünyanın bir sıra ölkələrinin iştirak etdiyi “Avrasiya Kitab Sərgisi – 2016” çərçivəsində Beynəlxalq Türk Akademiyasının nəşrlərindən ibarət stend nümayiş etdirilir. Stenddə türk xalqlarının maddi-mənəvi irsinin tədqiq olunduğu xeyli sayda kitab yer alıb.
Sərginin açılışında iştirak edən Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalikova stendə baxıb. O, akademiyanın türk xalqlarının tarixi, mədəniyyətinin tədqiqi sahəsində gördüyü işlərdən xəbərdar olduğunu, bunu yüksək qiymətləndirdiklərini qeyd edib.
Sonra “Türkologiya sahəsində aktual tərcümə məsələləri” adlı beynəlxalq açıq seminar keçirilib. Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralinin moderatorluğu ilə keçirilən toplantıda TÜRKPA-nın baş katibi Jandos Asanov, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Macarıstan, Qırğızıstan, Monqolustanın diplomatları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri, türkoloqlar və peşəkar tərcüməçilər iştirak ediblər.
Tədbirdə tanınmış tərcüməçi-alimlərin məruzələri dinlənilib, qədim türk irsinin öyrənilməsində və türk xalqlarının inteqrasiyasında tərcümənin rolu barədə fikir mübadiləsi aparılıb. Seminar zamanı Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr olunan və türk dünyasında tərcümə sənətinin inkişafına töhfə verən iki elmi nəşrin təqdimatı da keçirilib. Türkologiya sahəsində əhəmiyyətli əsərlərdən sayılan “Qədim Türk Lüğəti” və qırğız alimlərinin hazırladıqları “Altay Respublikasındakı Qədim Türk Yazıları Albomu” oxuculara təqdim edilib.
Tədbirdə türk xalqlarının qədim irsini müasir dillərə çevirən türkoloq-tərcüməçilər mükfatlandırılıb.
Birinci Avrasiya Kitab sərgisi üç gün davam edəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana