DÜNYA
Astanada keçirilən “EXPO-2017” beynəlxalq sərgisinə maraq getdikcə daha da artır
Astana, 21 iyun, АZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada “Gələcəyin enerjisi” mövzusunda keçirilən 67-ci “EXPO-2017” beynəlxalq sərgisinə maraq getdikcə daha da artır. Bunu ölkəyə gələn turistlərin sayının çoxalmasından da aydın görmək mümkündür. Sərgiyə turistlərin cəlb edilməsinə dair yerli və xarici turizm şirkətləri ilə artıq 44 memorandum imzalanıb.
İndiyədək beynəlxalq sərgiyə bir milyon ziyarətçi gəlib. Qazaxıstana aid “Nur Alem” pavilyonu ziyarətçilərdə böyük maraq doğurur.
“EXPO-2017” beynəlxalq sərgisinin ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya, Çin kimi ölkələrdən sonra Qazaxıstanda keçirilməsi enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişafına, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə imkan yaradır. Sərgi enerji təhlükəsizliyinin təminatında qarşılıqlı maraq və ümumi prinsiplərə dair fikir mübadiləsinin aparılması ilə beynəlxalq səviyyəli enerji dialoquna dəstək verir. Həmçinin enerji siyasətinin məqsədyönlü həyata keçirilməsində iştirakçı ölkələr tərəfindən irəli sürülən islahatlar və digər aktual məsələlər ətrafında geniş müzakirələrə şərait yaradır.
Xatırladaq ki, sərgidə Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat iştirak edir. Sərgidə gələcəyin texnologiyaları, dünyanın enerjiyə qənaəti və bu sahədə ən son ixtiralar, yeniliklər, nüvə enerjisi kimi enerji növləri nümayiş olunur.
Ümumilikdə 2 milyon qonağın və 5 milyon ziyarətçinin sərgiyə baş çəkəcəyi ehtimal edilir.
Sərginin açılış mərasimində 17 dövlət və hökumət başçısı iştirak edib.
Qazaxıstanın sərgidən 283 milyon avro gəlir əldə edəcəyi gözlənilir.
Beynəlxalq sərgi sentyabrın 9-dək davam edəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana