ELM VƏ TƏHSİL
Astanada türkdilli dövlətlərin “Türk yazı günü” mövzusunda Beynəlxalq forumu keçirilir VİDEO
Astana, 20 may (AZƏRTAC). Qazaxıstanın paytaxtı Astana şəhərində türkdilli dövlətlərin “Türk yazı günü” mövzusunda Beynəlxalq forumu keçirilir.
Astanadakı Türk Akademiyasının təşkil etdiyi forumda Azərbaycan, Türkiyə və Qırğızıstandan alimlər, ictimai xadimlər, parlamentlərin deputatları və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
Beynəlxalq forumda ölkəmizi AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, respublikamızın Qazaxıstandakı səfiri Zakir Həşimov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ertekin Salamzadə və sənətşünaslıq doktoru Rəna Abdullayeva təmsil edirlər.
Forumda türk dünyasının min illər bərabər yaşadıqları, min illərdir ki, ayrı düşdükləri, son 30 ildə çağdaş ölkə dastanlarının və yazıçılarının əsərlərinin ortaq olduğundan danışılmışdır. Türk dünyasının daha sıx ünsiyyətdə olması üçün ortaq bir yazıya keçilməsinin vacibliyi vurğulanmışdır.
Forumda “Türk yazısının tarixi, bu günü və gələcəyi” və “Ümumi tarix: teorik-metodoloji problemlər” mövzularında müzakirələr aparılmışdır.
Türkdilli dövlətlərin ümumi inteqrasiyası, ünsiyyətin və əlaqələrin daha da möhkəmlənməsi üçün Türk Yazı Gününün təsis olunmasının Asiya ölkələri üçün vacibliyi vurğulanmışdır.
Forumda çıxış edən Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov bütün türk xalqlarını bu tarixi hadisə münasibətilə təbrik etmiş, dildə, düşüncədə, əməldə birlik təntənəsinin yaşandığını bildirmişdir.
Həsən Həsənov demişdir: “Bu gün həm də bizim ulu babalarımız Dədə Qorqud, Oğuz xanın xatirəsini anma günüdür. Çünki onlar türk dilinin formalaşmasına çox böyük xidmətlər göstərmişlər. Məhz türk yazısının və lüğətinin təməlini qoyanlar - dahi türk ozanları, akınları, manasları və digərləri türk eposlarını min illər ərzində nəsillərdən-nəsillərə ötürmüşlər. Türk dilinin və yazısının qədim tarixi vardır. Heç bir sistem bizim dillərimizi ayıra bilməz”.
Qazaxıstan parlamentinin qərarına əsasən, ilk dəfə Astanada keçirilən bu tədbirin şərəfinə hər il 18 may - Türk Yazı Günü kimi qeyd ediləcəkdir.
Forumda Türk Akademiyasının nəşr etdiyi kitabların təqdimatı və sərgisi keçirilmişdir.
Qeyd edək ki, 2010-cu ildə Qazaxıstanın Astana şəhərində açılmış Türk Akademiyası türk dünyasında birinci nadir elmi-tədqiqat mərkəzidir və bu barədə razılaşma 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə əldə edilmişdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana