İQTİSADİYYAT
Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi davam edir
Bakı, 29 iyul, AZƏRTAC
Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometrlik dəmir yolunun torpaq yatağının işlənməsi davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb edilib. Əraziyə 510 min kubmetr qum, qaya daşı, çınqıl daşınması nəzərdə tutulub və bunun 370 min kubmetri artıq daşınıb.
Ərazidə əkin sahələrinin suvarılması üçün 14 suötürücü qurğu tikilməlidir. Bunun 11-i artıq hazırdır. Digərlərində torpaqqazma, betonlama işləri davam edir. Sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə tikilən 2 müxtəlif səviyyəli suötürücünün özül hissəsi betonlanıb, hazırda yan divarların armaturlama işləri aparılır.
Dəmir yolunun tikintisi düşən ərazıdə su, rabitə, elektrik və qaz xətlərinin köçürülməsi tamamlanmaq üzrədir. Bütövlükdə bu ərazıdə köçürülməli olan 315 vətəndaşın yaşayış evi, həyətyanı sahəsi və pay torpağı var (10-u yaşayış evidir). Artıq bunun 104-ü, o cümlədən 7 evi köçürülüb. Digərlərinin sənədləşməsi aparılır.
Eyni zamanda, Astara stansiyasının yollarının yenilənməsi də gündəmdədir. Artıq stansiyadaxili yollardan 2 kilometri əsaslı təmir olunub. Bir kilometr yolda isə əsaslı təmir işlərinin aparılması davam edir.
Astara çayı üzərində tikiləcək üç aşırımlı dəmir yolu körpüsünün orta və kənar dayaqlarının altında, 32 ədəd 32 metr dərinliyində (diametri 1,2 metr) svay vurulub, 2 dayaq tikilmiş və digər 2 dayaqda tikini-quraşdırma işləri davam edir.
8,3 kilometr uzunluğunda yeni dəmir yolu xəttinin qoyuluşuna avqust ayının ortalarında başlanması nəzərdə tutulur.