REGİONLAR
Astara rayonunun Şiyəkəran kəndində yeni körpü istifadəyə verilib
Astara, 7 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 7-də Astara rayonunun Şiyəkəran kəndini iki hissəyə ayıran, Pensər çayı üzərində tikilmiş yeni körpü istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq daxili imkanlar hesabına inşa edilən, minik avtomobilləri və piyadalar üçün nəzərdə tutulmuş yeni körpünün uzunluğu 45,6, eni 2,80, hündürlüyü 12 metrdir.
Yeni körpünün istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib.
Dünyanın inkişaf etmiş ölkələrində iqtisadi böhranın hökm sürdüyü bir zamanda Azərbaycanda sosial layihələrin uğurla icra edildiyini vurğulayan Q.Ağayev Şiyəkəran kəndinin qaz və elektrik təsərrüfatının yeniləndiyini, kəndarası yollara asfalt döşəndiyini, kənddə yeni məktəb binasının tikildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu yaxınlarda rayonun ucqar dağlıq ərazisində yerləşən Şəmətük kəndində də yeni körpü sakinlərin ixtiyarına verilib.
Mərasimdə çıxış edən kənd ərazi icra nümayəndəsi Tofiq Əliyev, Şiyəkəran kənd 2 nömrəli tam orta məktəbin direktoru Xalidə Dadaşova, kənd ağsaqqalı Kazım Əliyev, “Tərəqqi” medallı Həbib Həbibov və başqaları əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.