REGİONLAR
Astara sakini həyətyanı sahəsində müxtəlif növ tovuzquşu və qırqovul saxlayır VİDEO
Astara, 8 yanvar, Bağır Əliyev, AZƏRTAC
Astara şəhər sakini Murad Muradovun maraqlı xobbisi var. O, dünyanın müxtəlif ölkələrindən tovuzquşu və qırqovulları gətirərək həyətyanı sahəsində bəsləyir. Bu quşların əksəriyyətinə Azərbaycanda rast gəlinmir.
AZƏRTAC xəbər verir ki, ixtisasca hüquqşunas olan 36 yaşlı M.Muradov altı yaşından bu işlə məşğuldur.
Uşaq yaşlarında qohumlarının köməyi ilə göyərçin əldə edən M.Muradov bir müddət sonra digər quşbazlardan fərqlənmək üçün Azərbaycanda tapılmayan quşları saxlamaq qərarına gəlib.
Dünyada qırqovulun 20 növünün olduğunu və bu quşları yerli şəraitə uyğunlaşdırmağın heç də asan başa gəlmədiyini bildirən M.Muradov deyib: “Qulaqlı qırqovulun üç rəngi var - ağ, qəhvəyi və göy. Onları Azərbaycana yeni gətirmişəm. Tezliklə 20 növ qırqovulun hamısını burada görəcəksiniz”.
İrandan, Rusiyadan, Türkiyədən və başqa ölkərdən gətirdiyi quşlar müsahibimiz üçün heç də ucuz başa gəlməyib.
Onun saxladığı quşların arasında ən maraqlısı həm boyuna, həm rənginə, həm də qiymətinə görə fərqlənən tovuzquşudur. M.Muradov bu quşu xaricdən Azərbaycana gətirmək üçün nə az, nə də çox - düz 3 min manatından keçib.
M.Muradov deyib: “Bax, bu qara qanad və ağ tovuz quşlarının cütü 1500 manatdır. Qırqovullar tovuzquşundan fərqli olaraq həm Azərbaycanda, həm də xaricdə ucuz satılır. Hazırda bu quşun qiyməti növündən asılı olaraq 50 manatla 1000 manat arasında dəyişir”.
Qeyd edək ki, hazırda tovuzquşlarından “Qara qanad”, “Arlekin”, “Yava”, qırqovullardan isə “Qulaqlı”, “Sıvayna”, “Elyot” və başqalarına Azərbaycanda yalnız Murad Muradovun həyətində rast gəlmək olar.