REGİONLAR
Astara: sosial infrastruktur layihələrin icrası turizmin inkişafı üçün geniş imkanlar açıb
Astara, 16 avqust, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq bölgələrdə sosial infrastruktur layihələrin icrası turizmin inkişafı üçün də geniş imkanlar açıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına ötən il tikilib istifadəyə verilən Deqədi-Pəlikəş avtomobil yolu rayonun ucqar dağ kəndlərinə gediş-gəlişi xeyli asanlaşdırıb.
Əsrarəngiz gözəlliyə malik, Astaranın “canlı muzeyi” adlandırılan, dağlar qoynunda yerləşən Sım kəndi turistləri daha çox cəlb edən məkanlardan biridir. Buraya gəlmək istəyənlər yol bərbad olduğundan kəndə qalxa bilmirdilər. Salınan yeni yol sayəsində indi turistlər rahatlıqla bura səyahət edirlər.
Sım kəndi yamyaşıl meşəsi, çoxsaylı şəfalı bulaqları ilə yanaşı, həm də tarixi qayalar və tikililərlə zəngindir. Kəndin adı da qayalıq, daşlıq çox olan yer anlamına gəlir.
Buradakı “Ballı qaya”nın üzərində vaxtilə çoxlu sayda arı yuvaları olub. İsti aylarda daşların qızması nəticəsində bal aşağı süzülərmiş. Balın miqdarı o qədər çox olarmış ki, yerli əhali onu qablara yığıb istifadə edərmiş.
Digər maraqlı yer “Şah daşı”nın yerləşdiyi düzən ərazidir. Rəvayətə görə, bir zamanlar şah taxta bənzər daşın üzərində oturar, arxada isə qoşun təlim keçərmiş. “Şah daşı” adı da məhz buradan götürülüb.
Kənddə bundan əlavə, “Qonaqlıq daşı”, “Buzlu daş” və digərlər abidələr də var.
Bütün bunlar haqqında isə kəndə gələrkən ətraflı məlumat əldə etmək mümkündür. Bələdçi Pərviz Salayev bildirib ki, turistlər üçün kənddə lazımi şərait yaradılıb: “Bura gələn turistləri ətrafdakı gözəlliklərlə tanış etmək üçün bələdçilərimiz var. Əgər turistlər bir neçə gün qalmaq istəsələr, kəndimizdə onlar üçün lazımi şərait yaradılıb”.
Yayın isti günlərində dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən Sım kəndində dincələn, təbiətin bu yerlərə bəxş etdiyi gözəllik və tarixi abidələrlə tanış olan turistlər buradan zəngin təəssüratlarla ayrılırlar.