İQTİSADİYYAT
Astara stansiyasından İran dövlət sərhədinə qədər olan yolda işlər sürətləndirilir
Bakı, 27 may, AZƏRTAC
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması istiqamətində mühüm addımların atılması, Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.
Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq, 2016-cı il aprelin 20-də Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, martın 1-də isə Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, qısa zaman ərzində Astara çayı üzərində tikiləcək dəmir yolu körpüsünün aşırımında 8 ədəd 32 metr dərinliyində özül qoyulub. Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda dəmir yolu xəttinin 5 kilometrində torpaq yatağının işlənməsi başa çatdırılacaq. Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub. Bu günə kimi 33970 kubmetr qum, 26000 kubmetr qaya daşı, 172732 kubmetr çınqıl, 4388 köhnə dəmir-beton məmulatı döşənib.
Ərazidə çirkab sularının axıdılması üçün 14 ədəd suötürücü qurğunun tikilməsi nəzərdə tutulub. Onlardan dördü artıq hazırdır. Eyni zamanda dəmir yolu xəttinin çəkildiyi ərazıyə düşən elektrik və qaz xətlərinin köçürülməsi davam etdirilir. Bu işlər yaxın üç ay ərzində başa çatacaq. Həmin ərazıyə düşən evlərin köçürülməsi prosesinə yaxın vaxtlarda başlanılacaq. Körpünün və dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.