İQTİSADİYYAT
Astara stansiyasından İran sərhədinə qədər birxətli yeni dəmir yolunun qoyuluşu başa çatıb
Bakı, 7 noyabr, AZƏRTAC
Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometrlik yeni dəmir yolunun qoyuluşu başa çatıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, artıq 8,3 kilometr uzunluğunda yeni dəmir yolu xətti Astarа çayı üzərində tikilən üçaşırımlı dəmir yolu körpüsünə çatıb. Körpüdə 4 dayaq, istinad divarları tikilib, üstü betonlanıb. Hazırda son tamamlama işləri həyata keçirilir, tağların və məhəccərlərin quraşdırılması prosesi gedir.
Qeyd edək ki, relyefi mürəkkəb olan əraziyə - Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda dəmir yolu xəttinin torpaq yatağının işlənməsi üçün 100-ə yaxın texnika cəlb olunub, əraziyə 510 min kubmetr qum, qaya daşı, çınqıl, köhnə dəmir-beton məmulatı döşənib. Ərazidə çirkab sularının axıdılması üçün 13 ədəd suötürücü qurğu, sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə 2 tunel tikilib. Dəmir yolu xəttinin çəkildiyi əraziyə düşən rabitə, elektrik və qaz xətlərinin köçürülməsi başa çatıb. Bütövlükdə bu ərazidə köçürülməli olan 315 obyekt (yaşayış və qeyri-yaşayış sahəsi) köçürülüb.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 2002-ci il mayın 21-dən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında” Sazişə qoşulub.
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev 2015-ci il dekabrın 7-də “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq, bu il aprelin 20-də Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda yeni dəmir yolu xəttinin çəkilişinə başlanılıb.