İQTİSADİYYAT


Astara stansiyasından İran sərhədinə qədər birxətli yeni dəmir yolunun qoyuluşu davam edir

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması istiqamətində mühüm addımların atılması, Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb.

Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda yeni dəmir yolu xəttinin yatağında torpaq yatağının hazırlanmasına başlanılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən AZƏRTAC-a bildirilib ki, relyefi mürəkkəb olan əraziyə - Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda dəmir yolu xəttinin torpaq yatağının işlənməsi üçün 100-ə yaxın texnika cəlb olunub, əraziyə 510000 kubmetr qum, qaya daşı, çınqıl, köhnə dəmir-beton məmulatı döşənib.

Ərazidə çirkab sularının axıdılması üçün 13 ədəd suötürücü qurğu, sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə 2 ədəd tunel tikilib.

Dəmir yolu xəttinin çəkildiyi ərazıyə düşən rabitə, elektrik və qaz xətlərinin köçürülməsi başa çatdırılıb. Bütövlükdə bu ərazıdə köçürülməli olan 315 obyektin (yaşayış və qeyri-yaşayış sahəsi) əksəriyyəti köçürülüb, qalanların sənədləşməsi aparılır.

Sentyabrın əvvəlində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda yeni dəmir yolunun qoyuluşuna başlanılıb. Artıq 5 kilometr yol qoyulub.

Astara çayı üzərində tikilən üç aşırımlı dəmir yolu körpüsünün dayaqları (4 dayaq) və istinad divarları tikilib. 27 tirdən 15-nin betonu tökülüb, hazırda qalanlarının karkası yığılır.

İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanılıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz «Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında» Saziş»ə qoşulub.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.