QAN YADDAŞI
Astarada Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Astara, 31 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 31-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin birinci mərtəbəsində soyqırımı qurbanlarına həsr edilmiş rəsm əsərlərinin sərgisi ilə tanış olublar.
Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova azərbaycanlıların soyqırımı ilə bağlı məruzə edib.
Elmi-praktik konfransda çıxış edənlər iki yüz ilə yaxın bir dövrdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını tariximizin faciəli səhifəsi kimi qiymətləndiriblər. Bildirilib ki, soyqırımı nəticəsində yüz minlərlə soydaşımız qətlə yetirilib, terror və təcavüzlərə məruz qalıb, doğma torpaqlarından deportasiya olunub. Bu təcavüzkar siyasət indi də məqsədyönlü şəkildə davam etdirilir.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verilib və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlarda erməni millətçilərinin azərbaycanlılara qarşı mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti pislənilib, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymətin verilməsi, öz doğma torpaqlarından deportasiya edilmiş soydaşlarımızın əzəli torpaqlarına qaytarılması tələb olunub.