REGİONLAR
Astarada Bilik Evinin açılışı olub
Astara, 12 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Astara şəhərindəki Gənclər Evində fəaliyyət göstərəcək Bilik Evinin açılış mərasimində Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova, gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, fondun əməkdaşları, ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edən Y.Rəsulova qeyd edib ki, bu günədək Astara sakinlərinin iştirakı ilə Fondun həyata keçirdiyi layihələr Bilik Evinin fəaliyyəti ilə daha da şaxələnəcək, intensivliyi və effektivliyi artacaq.
Ə.Əliyev astaralıların oxumağa, öyrənməyə böyük üstünlük verdiklərini diqqətə çatdıraraq fondun layihələrinə rayon ziyalılarının dəstək verməyə hazır olduğunu vurğulayıb.
O.Səmədov növbəti Bilik Evinin Astarada açılmasına şərait yaratdıqları üçün rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Paytaxtda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimi ilə Astara Bilik evinin fəaliyyətə başladığı günün eyni tarixə təsadüf etdiyini vurğulayan O.Səmədov multikultural rəngarəngliyi ilə fərqlənən bölgədə bütün əhalini bilik ətrafında həmrəyliyə səsləyib.
O qeyd edib ki, Astaradakı Bilik Evi fəaliyyətini əhalinin təklifləri üzərində quracaq və layihələrində bölgənin xüsusiyyətləri və yerli əhalinin maraqlarını nəzərə alacaq.
Həmin gün Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Bilik Fondu ilə Mərkəz arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
Sənədə əsasən, bölgə əhalisinin dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan quruculuq işlərinin mahiyyətinin yerli ictimaiyyətə çatdırılması, ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, banisi olduğu azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi və dini dəyərlərin təbliği, gənclər arasında elmi biliklərə marağın artırılması, onların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin təşkilini və həyata keçirilməsi nəzərdə tutulur.
Mərkəzdə qonaqları Ümummilli liderin həyat yolunu və fəaliyyətini əks etdirən muzeylə tanış edən direktor Kübra Səmədova Bilik Fondu ilə əməkdaşlıqdan məmnun olduğunu bildirərək, birgə tədbirlərin bölgə əhalisinin maarifləndirilməsinə böyük töhfə verəcəyini bildirib.
Bilik Fondunun icraçı direktoru O.Səmədov rayon əhalisini, o cümlədən ətraf bölgə sakinlərini protokolda əksini tapan istiqamətlər üzrə daha intensiv əməkdaşlığa dəvət edib.
İcraçı direktor IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu gün açılışı olacaq “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilinə diqqət çəkərək, bu yarışların nəinki islam dünyasının bütövləşməsinə, o cümlədən insanların bəşəriyyət naminə bir araya gəlməsinə böyük təkan olacağını vurğulayıb.
Y.Rəsulova rayon rəhbərliyi adından Bilik Fondu ilə Heydər Əliyev Mərkəzinin birgə fəaliyyətlərinə uğurlar diləyib, layihələrə dəstək verməyə hazır olduqlarını söyləyib.
Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov rəhbərlik etdiyi təhsil ocağının kollektivinin Bilik Evinin layihələrində yaxından iştirak edəcəyini bildirib.
Rayonda Bilik Fondunun dəstəyi ilə fəaliyyət göstərən “Ədəbi yaradıcılıq” kursunun rəhbəri Mehman Qaraxanoğlu gənclərin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə maarifləndirilməsində Fondun layihələrini yüksək qiymətləndirib.
Qeyd edək ki, Bilik Fondunun Qax, Oğuz, İsmayıllı, Tərtər, Şəmkir, Nardaran və Astarada Bilik evləri fəaliyyət göstərir.