REGİONLAR
Astarada “Dostluq kuboku” uğrunda beynəlxalq turnir başa çatıb
Astara, 8 avqust, Bağır Əliyev, AZƏRTAC
Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Dünya Kubo Federasiyası və Azərbaycan Qarışıq Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə məşqçilərin, hakimlərin, idmançıların ustalığının, beynəlxalq təcrübələrinin artırılması və ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə qarışıq döyüş növləri üzrə “Dostluq kuboku” beynəlxalq turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, üç gün davam edən yarışda Azərbaycandan 61, İran İslam Respublikasından 50 yeniyetmə, gənc və peşəkar müxtəlif çəki dərəcələrində qalib adı uğrunda mübarizə aparıblar.
Beynəlxalq turnirin yekun nəticələrinə əsasən, Azərbaycanın yığma komandası yarışın qalibi olub. Azərbaycan millisinin tərkibində 20 astaralı idmançı da iştirak edib.
Yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş idmançılar Dünya Kubo Federasiyası və Azərbaycan Qarışıq Döyüş Növləri Federasiyasının diplomları, medalları, kəmər və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.