REGİONLAR
Astarada Milli Musiqi Günü ilə bağlı keçirilən tədbirdə uşaqlar istedad və bacarıqlarını nümayiş etdiriblər
Astara, 20 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 131-ci ildönümü və Milli Musiqi Günü ilə bağlı Astara şəhərindəki uşaq musiqi məktəbində bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və foto-şəkillərlə tanış olublar.
Mərasimdə çıxış edən musiqi məktəbinin direktoru Çingiz Eyvazov və musiqi nəzəriyyəsi şöbəsinin müdiri Leyla İskəndərova müəllim və şagirdləri musiqi bayramı münasibətilə təbrik edərək Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıblar.
Çıxışlarda qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmanla dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü hər il Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.
Mərasimdə ötən dərs ilində respublika müsabiqəsində uğurlu çıxış edən şagirdlərə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və musiqi məktəbinin fəxri-fərmanları verilib.
Tədbir musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı ilə başa çatıb.