REGİONLAR
Astarada “Multikulturalizm ili” çərçivəsində gənclər üçün seminar keçirilib
Astara, 24 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda fəaliyyət göstərən “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyi “Multikulturalizm ili” çərçivəsində “Gənclər arasında Multikulturalizm dəyərlərinin təbliği" mövzusunda tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən təlim məşğələsində ziyalılar, gənclər idman idarəsinin işçiləri, şəhər bələdiyyəsinin üzvləri, fəal gənclər iştirak ediblər.
Seminarda çıxış edən “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Rövşən Bağırov layihə barədə iştirakçılara məlumat verərək ölkəmizdə “Multikulturalizm ili” çərçivəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.
Daha sonra layihə çərçivəsində hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirdə ekspert qismində çıxış edən Bakı İslam Universitetinin müəllimi, sosioloq Asəf Qənbərov gənclərlə multikulturalizm haqqında mövcud qanunvericilik, tolerantlıq və multikulturalizm ənənələrinin yeri və əhəmiyyəti ilə bağlı geniş fikir mübadiləsi aparıb.
Təlim məşğələsində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, gənclər sahəsi üzrə məsləhətçi Elnur Qurbanlı, şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova, fəal gənclərdən Kəmalə Nəsirova, Xanımnisə İsayeva, Fəranə Mikayılova, Xəqani Əzimzadə, Nuranə İsayeva multikulturalizm dəyərlərinin gənclər arasında təbliğinin, bu tip layihələrin davamlı olaraq həyata keçirilməsinin vacibliyini bildiriblər.
Seminar iştirakşılarına mövzu ilə bağlı bukletlər, disklər, maarifləndirici materiallar verilib.