REGİONLAR


Astarada “Qeyri-neft məhsullarının istehsalı və ixrac potensialının artırılması” mövzusunda müzakirələr aparılıb

Astara, 18 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 18-də Astara Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə “Qeyri-neft məhsullarının istehsalı və ixrac potensialının artırılması” mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Astara Rayon Gömrük İdarəsinin təşkilatçılığı ilə İctimai Şuranın keçirdiyi görüşdə yerli sahibkarlarla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti və Dövlət Baytarlıq Nəzarəti xidmətləri, eləcə də Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, İctimai Şura Dövlət Gömrük Komitəsi sədrinin “Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması” haqqında sərəncamına əsasən yaradılıb.

Tədbirdə çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlqar Malıyev qeyri-neft sektorunun inkişafında regionların və yerlərdə çalışan iş adamlarının rolundan, eləcə də ölkə rəhbərliyinin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində Astarada görülən işlərdən danışıb.

Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev çıxışında Azərbaycan iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələndirilməsində özəl sektorun rolundan, eləcə də sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışaraq, Dövlət Gömrük Komitəsi tərəfindən son illər biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi və biznes subyektlərinə dəstəyin genişləndirilməsi ilə bağlı görülən işləri diqqətə çatdırıb.

Astara Gömrük İdarəsi rəisinin müavini Nazim Məmmədov son illər ölkəmizdə idxal-ixrac əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsi, xarici iqtisadi fəaliyyət iştirakçıları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi nəticəsində respublikamızın ixrac potensialının artdığını bildirib.

Lənkəran Rayonlararası Bitkilərin Karantin Məntəqəsinin müdiri Hacıməmməd Quliyev bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması, xəstəliklərin aradan qaldırılması, məhsul itkisinə yol verilməməsi, ətraf mühitin və əhalinin sağlamlığının, habelə flora və faunanın pestisidlərin, digər zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönələn bitki mühafizəsi tədbirləri və bu sahədə sahibkarlara göstərilən dəstək barədə məlumat verib.

Görüşdə çıxış edən yerli sahibkarlar xarici iqtisadi fəaliyyətlə məşğul olan iş adamlarının dəstəklənməsi üçün əlaqəli dövlət qurumlarının qarşılıqlı fəaliyyətini yüksək dəyərləndirib, gömrük əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə tətbiq olunan yeniliklərin biznes subyektlərinə faydasından danışıblar.

Tədbirdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.