REGİONLAR
Astarada “Şəhərimizi təmiz saxlayaq” aksiyasına başlanılıb
Astara, 21 aprel, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq, Astara rayonunda tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alıb. Müasir üslubda tikilmiş binalar, salınan asfalt yollar, yeni inşa edilən park və xiyabanlar göz oxşayır. Rayon mərkəzində, Xəzər dənizinin sahilində yeni salınmış park-bulvar kompleksinin gözəlliyi isə təkcə astaralıları deyil, buraya gələn qonaqları da heyran edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astaraya səfəri zamanı dənizkənarı park-bulvar kompleksində yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri ilə görüşündə rayonda aparılan abadlıq işlərindən razılığını ifadə edərək bu tədbirlərin insanların rahatlığı üçün gözəl təşəbbüs olduğunu bildirib, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksini əhalinin istirahəti gözəl hədiyyə kimi qiymətləndirib.
Azərbaycan Prezidentinin Astara haqqında dediyi xoş sözləri yüksək qiymətləndirən rayon sakinləri şəhərin park və xiyabanlarında təmizliyin və səliqə-sahmanın qorunmasına diqqəti artırıblar. Astara məktəbliləri xeyirxah təşəbbüs irəli sürərək “Şəhərimizi təmiz saxlayaq!” devizi altında humanitar aksiyaya başlayıblar. Şagirdlər vaxtaşırı olaraq, şəhərin istirahət məkanlarında səliqə-sahman yaratmaq üçün ətrafı zibilliklərdən təmizləyir, bitkilərin suvarılmasını, mühafizəsini və qorunmasını təmin edirlər. Aksiyaya qoşulan şəhərin 1, 3 və 6 nömrəli tam orta məktəblərinin şagirdləri yeni salınmış park-bulvar kompleksinin ərazisini təmizləyib, yeni əkilmiş ağaclara və gül kollarına qulluq göstəriblər.
Aksiyanın il ərzində keçirilməsi nəzərdə tutulub.