REGİONLAR
Astarada “Sərhəd” hərbi idman oyunlarının rayon turunun qalibləri məlum olub
Astara, 3 may, Bağır Əliyev, AZƏRTAC
Astarada Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsi, Astara Rayon Təhsil Şöbəsi, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “Sərhəd” hərbi idman oyunlarının rayon turu keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda 8 məktəb komandası sıra hazırlığı, avtomatın sökülüb yığılması, yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi, kəndirin dartılması, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili mərhələləri üzrə mübarizə aparıb.
“Sərhəd” hərbi idman oyunlarında daha inamlı çıxış edən Astara şəhər 3, 4 və 1 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.
Rayon turunun qalibi - Astara şəhər 3 nömrəli tam orta məktəbin komandası may ayında Lənkəran şəhərində keçiriləcək respublika zona turunda Astara rayonunu təmsil edəcək.