REGİONLAR
Astarada ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib
Astara, 23 avqust, Bağır Əliyev, AZƏRTAC
Avqustun 23-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Liderin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova 2015-2016-cı tədris ilinin təhsil göstəriciləri barədə məlumat verib.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söhbət açan Q.Ağayev son illər rayonda 40-a yaxın yeni məktəb binasının tikildiyini və əsaslı təmir edildiyini vurğulayıb. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına əsaslı təmir edilən Astara şəhər 2 nömrəli tam orta məktəb binasının və Sım kənd tam orta məktəbi üçün tikilən binanın yeni tədris ilində istifadəyə veriləcəyini diqqətə çatdırıb.
Qeyd olunub ki, bu il rayonun tam orta məktəblərini bitirən məzunlardan 181 nəfəri ali məktəblərə daxil olaraq, tələbə adını qazanıb. Onlardan 8 nəfəri 600-dən, 22 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Məzunlardan 6-sı təhsillərini hərbi məktəblərdə davam etdirəcək.
Görüşdə çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərə fəxri fərmanlar və hədiyyələr verilib.