REGİONLAR


Astarada aqrar sahədə zəngin təcrübəsi olan yaşlı nəslin nümayəndələri ilə görüş keçirilib

Astara, 17 iyun, Bağır Əliyev, AZƏRTAC

Son 5 ildə Prezident İlham Əliyev tərəfindən Astara rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı 8 Sərəncam imzalanıb. Bu sərəncamlara ayrılan vəsait hesabına rayonun şəhər, qəsəbə və kəndlərində tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alıb, minlərlə yeni iş yeri açılıb. Dövlətimizin başçısının diqqət və qayğısının nəticəsidir ki, Astara gündən-günə inkişaf edir, gözəlləşir, simasını dəyişir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər iyunun 17-də Astara Rayon İcra Hakimiyyətində rayon ağsaqqalları ilə keçirilən görüşdə səsləndirilib.

Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası istiqamətində rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib, iyunun 8-də Prezident İlham Əliyevin Astara şəhərində park-bulvar kompleksinin genişləndirilməsi ilə bağlı imzaladığı Sərəncamın astaralılara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.

Qeyd olunub ki, son illər Astara rayonunun sosial mənzərəsi tamamilə yenilənib, kəndlərə şəhər mədəniyyəti gəlib, əhalinin yaşayış səviyyəsi yüksəlib. Astara şəhərindəki Heydər Əliyev Parkı, prospekt və küçələr yenidən qurularaq müasir işıqlandırma sistemi ilə təmin edilib, çoxmərtəbəli ictimai yaşayış binalarının dam örtükləri dəyişdirilib, mərkəzi xəstəxana əsaslı təmir edilərək ən müasir inventar və avadanlıqlarla təchiz olunub. İnsanların asudə vaxtının səmərəli keçməsi, mənalı istirahəti üçün Xəzər dənizi sahilində park-bulvar kompleksi salınıb. Hazırda bu ərazi genişləndirilir, şəhərə içməli su xətti çəkilir.

Həmçinin Ərçivan qəsəbəsində Boks Mərkəzi inşa edilib. Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə, Deqədi-Pəlikəş yolu asfaltlaşdırılıb, Taxtanakəran-Miki, Taxtanakəran-Toradi yolunun yenidən qurulması davam etdirilir. Rayon ərazisində, ümumilikdə, 100 kilometrdən çox avtomobil yolu asfaltlaşdırılıb, Şiyəkəran, Şəmətük, Siyaku və Pəlikəş kəndlərində 8 avtomobil körpüsü salınıb.

Son illər rayonda 40-dan çox məktəb binası tikilib və ya əsaslı şəkildə yenidən qurulub, Kijəbə qəsəbə və Pensər kənd sahə xəstəxanaları təmir edilib, Pəlikəş sahə xəstəxanası üçün yeni bina inşa olunub. Rayonun 37 yaşayış məntəqəsi tam qazlaşdırılıb.

Astara rayonunda ənənəvi kənd təsərrüfatı sahələri olan çayçılıq, çəltikçilik, sitrusçuluq və tərəvəzçiliyin inkişaf etdirilməsinin vacibliyini bildirən icra hakimiyyətinin başçısı bu işdə bütün əhalinin fəal iştirakının təmin olunmasının vacibliyini diqqətə çatdırıb.

Bildirilib ki, aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar rayonda həyata keçirilən tədbirlər artıq bəhrəsini verməkdədir. Bu il rayonda 2200 hektar sahədə əkin aparılıb. Kənd təsərrüfatının ən rentabelli sahələrindən olan çəltik əkini 450 hektara çatdırılıb. Gələcəkdə çəltik əkininin 1000 hektara çatdırılması üçün tədbirlər görülür. Yeni sitrus bağları və çay plantasiyaları salınıb, Çayoba kəndində yeni çay emalı fabriki tikilib.

Q.Ağayev çıxışının sonunda rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində yüksək nailiyyətlər qazanmış, bu sahədə zəngin təcrübəsi olan şəxslər kimi yaşlı nəslin nümayəndələrinin dəyərli məsləhətlərinə həmişə ehtiyac olduğunu bildirib.

Astara Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, şəhər sakini Həbib Rəsulov, Ərçivan qəsəbə sakini Xanlar Əliyev, Motlayataq kənd sakini Ramiz Gənciyev, Kijəbə qəsəbə sakini Kamil Kamilov, Maşxan kənd sakini Qadir Məmmədov və başqaları Prezident İlham Əliyevin müstəqil respublikamızı yüksək inkişaf yoluna çıxarmasından məmnunluqlarını ifadə edib, astaralıların həmişə dövlətimizin başçısına dəstək olacaqlarını bildiriblər.

Görüşdə rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi üçün görüləcək işlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.