REGİONLAR
Astarada çəltik yığımına başlanılıb
Astara, 16 avqust, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda çəltik yığımına başlanılıb. Biçin kampaniyasına kifayət qədər kombayn və canlı qüvvə cəlb olunub.
AZƏRTAC xəbər verir ki, çəltik sahələrinə düzgün aqrotexniki qulluq və havaların əlverişli keçməsi məhsuldarlığa da müsbət təsir göstərib.
Ötən il rayonun çəltik sahələrinin hər hektarından 39 sentner məhsul götürülmüşdüsə, cari ildə bu rəqəm 50 sentner təşkil edir. Keçən il 65 hektar sahədə çəltik əkini aparan məhsul istehsalçıları bu il sahələri iki dəfə genişləndirərək 132 hektara çatdırıblar.
Builki əkin mövsümündə də çəltik əkini əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan kəndlərindəki təsərrüfatları əhatə edib.
Çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları daha çox “Haşımı”, “Sədri”, “Daştəsə”, “Şabani”, “Həsəni” kimi ənənəvi toxum növlərinə üstünlük veriblər.
Fermer Mehman Quliyev bildirib ki, bu il çəltik sahələrində məhsuldarlıq yaxşıdır. Hər hektar çəltik sahəsində 70 sentner məhsul yığılır.
Biçinə kifayət qədər texnika cəlb olunsa da, sahələr hələ tam qurumadığından kombaynçıların işi bir qədər çətinləşib.
Məhsul istehsalçılarının bu il toxumu İrandan baha qiymətə gətirdikləri üçün yerli düyünün qiymətinin bir qədər artacağı istisna edilmir. Hazırda isə Astara düyüsünün bir kiloqramının qiyməti 3-4 manatdır.
Qeyd edək ki, ötən il Astara rayonunda 254 ton düyü istehsal olunub. Cari ildə bu rəqəmin 700 tona çatdırılması nəzərdə tutulub.