REGİONLAR
Astarada doqquz ayın sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
Astara, 22 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Ötən doqquz ayda Astara rayonunda sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələr qazanılıb. İqtisadi və sosial inkişafın əsas göstəricisi olan ümumi məhsul istehsalı və xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz artaraq, 145,9 milyon manata çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Astara Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında ilin doqquz ayının yekunlarına həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev oktyabrın 7-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdırıb.
Qeyd olunub ki, aqrar sektora dövlət dəstəyinin artırılması nəticəsində rayonda ənənəvi sahələr olan çəltikçilik, sitrusçuluq, çayçılıq və heyvandarlığın inkişafına maraq çoxalıb. Bu il əkin sahələri artırılaraq 7225 hektara çatdırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 568 hektar çoxdur.
Hesabat dövründə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq əhalinin su təchizatını yaxşılaşdırmaq məqsədilə “Xanbulançay” su anbarından Astara şəhərinə çəkilən içməli su xətti layihəsi çərçivəsində 5000 kubmetrlik 2 su anbarının tikintisi başa çatdırılıb.
Doqquz ayda rayonun yaşayış məntəqələrində 441 evin qazlaşdırılması həyata keçirilib. Astara şəhər 2 nömrəli tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəb üçün yeni binanın tikintisi başa çatdırılıb, rayon kənd təsərrüfatı idarəsi üçün inzibatı binanın tikintisi yekunlaşıb. Ələt-Astara-İran sərhədi avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəsində tikinti işləri davam edir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Astara rayonunun ərazisindən keçən 8,3 kilometrlik dəmir yolu xəttində torpaq-bünövrə işləri yekunlaşıb, hazırda dəmir-beton konstruksiyaların quraşdırılması işləri görülür.
Bildirilib ki, hesabat dövründə Astara şəhərinin Xəzər dənizi sahili boyu bulvar və çimərlik ərazisində tikinti-abadlıq işləri davam etdirilib. Rayona gələn turistlərin və qonaqların mənalı istirahətini təşkil etmək məqsədilə üçmərtəbəli hotel və 12 ikimərtəbəli kottec tikilir. Bulvar ərazisində “ləm” tipli (dörd tərəfi açıq olan sütunlar üstündə ikimərtəbəli yay istirahət yeri) kafe-çay evinin inşası davam etdirilir. Ötən müddətdə rayonda 4 şəhid ailəsi üçün ev tikilib və istifadəyə verilib.
Çıxış edənlər bu ilin doqquz ayında görülən işlər barədə danışaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.